Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması üçün zərərli proqram təminatının sayı sürətlə artır


“Trend Micro” şirkətinin ekspertləri xəbərdarlıq ediblər ki, “Android” platforması ilə işləyən qurğulara hücum üçün nəzərdə tutulmuş zərərli proqram təminatının sayı kəskin şəkildə artmağa davam edir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin iyununda mütəxəssislər təxminən 30 min zərərli və təhlükəli “Android” tətbiq qeydə almışdılar. Üçüncü rübün sonunda isə onların sayı 175 minə (473 faiz) qədər artıb.

Təhlükəsizlik sahəsində çalışan ekspertlərin məlumatına görə, hazırda rəsmi “Android” tətbiq altında maskalanan zərərli proqram təminatı daha çox yayılıb. Onların bəziləri istifadəçilərin məxfi informasiyasını “oğurlayır”, digərləri vasitəsilə kibercinayətkarlar qurğu üzərində nəzarəti ələ keçirir.

"Android platforması üçün yaradılan virusların sayının kəskin artmasında təəccüblü heç nə yoxdur - “Trend Micro” şirkətinin texnologiyalar üzrə direktoru Raymund Qenes (Raimund Genes) bildirib. “Android” hazırda öndə gedən mobil platformadır. Sözsüz ki, kibercinayətkarlar bundan xəbərdardırlar və zərərli proqram təminatı vasitəsilə gəlir əldə etmək üçün yeni üsullar axtarıb tapırlar".
 
EMİL





24/10/12    Çap et