“Microsoft” rekord qazanc əldə edib
“Microsoft” korporasiyası 2010-cu ilin maliyyə nəticəsinə görə rekord gəlir əldə etdiyini bildirib. Belə ki, proqram nəhənginin gəliri 69,94 milyard dollar təşkil edib. “Microsoft” şirkətinin xalis gəliri əvvəlki illə müqayisədə 23 faiz artıb və 23,15 milyard dollar təşkil edib. Göstəricilərin belə uğurlu alınmasında “Office” paketi və “Xbox 360” konsolları mühüm rol oynayıb. Belə ki, satış həcmi 7 faiz artan ofis proqramlarının dəsti “Microsoft” şirkətinə 5,8 milyard dollar qazandırıb. Şirkətin “Xbox 360” ilə məşğul olan bölməsinin gəlirləri 45 faiz artıb.
Bununla birlikdə ötən maliyyə ilində şirkətin “Windows” əməliyyat sistemi üçün məsuliyyət daşıyan bölməsi əvvəlki illə müqayisədə daha az pul qazanıb. Müqayisə üçün qeyd edək ki, bir qədər əvvəl isə “Microsoft” şirkətinin rəqibi “Apple” şirkəti rüblük gəlirlər üzrə rekord nəticə əldə etdiyini açıqlayıb. Şirkət tərəfindən verilən son məlumata əsasən, maliyyə ilinin üçüncü rübündə “Apple”-in xalis gəliri 2 dəfə artıb və 7,31 milyard dollar təşkil edib. “Google” şirkətinin xalis gəliri isə 8,5 milyard dollar təşkil edib.
lenta.ru