Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərib Məmmədov: «Respublikanın xüsusi seçilmiş ərazilərində 37 ədəd Peyk geodeziya stansiyaları qurulacaq»
Avropa İttifaqının "Tvinninq" layihəsi çərçivəsində "Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək" adlı tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, layihənin benefisiarı ölkədə dövlət torpaq kadastrını (həmçinin bu kadastrın aparılması ilə müəyyən edilən məlumatların dövlət torpaq reyestrini) aparan, eləcə də bu kadastrın aparılmasını təmin edən geodeziya, topoqrafiya və kartoqrafiya işlərini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müəyyən edilib.
Tədbirdə "Tvinninq" layihəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə reallaşdıracaq Latviya və İsveçdən olan qonaqlar, müvafiq qurumların rəhbərləri, həmçinin həmin ölkələrin Azərbaycandakı səfirləri də iştirak ediblər.
Qeyd olunub ki, bu dövlətlərin torpaq kadastrı, qiymətləndirmə və torpaq resurslarının idarə olunması sahəsində olan coxillik təcrübələri layihənin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
"Tvinninq" layihəsi barədə məlumat verən komitə rəhbəri bildirib ki, "Tvinninq" Avropa İttifaqının təşəbbüsü ilə 1998-ci ildən Avropa İttifaqının genişləndirilməsi məqsədi ilə fəaliyyətə başlamış və hazırda namizəd olan ölkələrin inzibati və hüquqi potensialının gücləndirilməsinə kömək məqsədilə yaradılan alətdir. Avropa Birliyinə yeni üzv olmuş dövlətlərdə 1998-ci ildən 2007-ci ilə qədər 1800 "Tvinninq" layihələri həyata keçirilib, Avropa İttifaqına qonşu dövlətlərdə də bu layihənin tətbiqinə başlanılıb, 2003-cü ilin sonlarından isə "Tvinninq"in yeni müstəqillik qazanmış dövlətlərdə tətbiqinə imkan yaranıb.
Avropa İttifaqının genişləndirilməsi məqsədilə 2004-cü ilin may ayından etibarən Avropa İttifaqının şərq və cənub qonşuları ilə münasibətləri də "Avropa qonşuluq siyasəti" çərçivəsində müəyyən olunur. Belə ki, "Avropa qonşuluq siyasəti"nin əsas məqsədi siyasi və iqtisadi islahat prosesinin asanlaşdırılması, birgə iqtisadi inteqrasiya, hüquqi və texniki yaxınlıq və davamlı inkişafdır.
Q.Məmmədov "Tvinninq" layihəsinin fəaliyyəti barədə də qonaqları məlumatlandırıb. O bildirib ki, "Avropa qonşuluq siyasəti"nin inkişafının dəstəklənməsi məqsədilə 2007-ci ildən yeni alət - Avropa qonşuluq və əməkdaşlıq alətinin tətbiqinə başlanılıb. Həmin alət çərçivəsində "Tvinninq" proqramına geniş yer verilib. 2006-cı ilin mart ayından Azərbaycanda "Tvinninq"in başlanması istiqamətində müvafiq tədbirlər görülüb. Ölkənin ilk "Tvinninq" layihəsi müəyyən olunub və Azərbaycanda İqtisadi İnkişaf Nazirliyində bu layihənin həyata keçirilməsi məqsədilə ofis yaradılıb. 2011-ci ilin yanvar ayında Azərbaycanda yeddi "Tvinninq" layihəsi həyata keçirilib və səkkiz layihə üzrə isə işlər müqavilələrin hazırlanması mərhələsindədir.
Məlumat üçün bildirək ki, "Tvinninq" – Avropa İttifaqına üzv olan dövlətlərin və Benefisiar ölkə hesab edilən Azərbaycanın dövlət orqanları arasında tərəfdaşlıq və əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir. "Tvinninq" çərçivəsində Avropa İttifaqı ölkələri qanunvericilik və ölkə siyasəti sahəsində uzunmüddətli dəyişikliklərin həyata keçirilməsi məqsədilə təcrübəli mütəxəssislərlə təmin edir. Layihə üzrə işlər Avropa İttifaqı ölkələrinin və Azərbaycanın mütəxəssisləri tərəfindən birgə həyata keçirilir. Avropa İttifaqı tərəfindən maliyyələşən 18 aylıq bu "Tvinninq" layihəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, İsveçin Lantmeteriet (Kadastr, Xəritəçəkmə və Daşınmaz əmlakın qeydiyyatı hüququ üzrə dövlət orqanı) və Latviyanın Dövlət Torpaq Xidməti ilə birgə həyata keçiriləcək.
Təxminən 865.000 manat dəyəri olan "Tvinninq" layihəsi çərçivəsində üç komponent üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlar «İnstitusional və institutlararası analiz və hüquqi sistemin təhlili daxil olmaqla müvafiq strukturların gücləndirilməsi», «Torpağın qiymətləndirilməsi metodologiyası və dövlət torpaq kadastr sisteminə inteqrasiyası» və «Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sistemi»dir.
Qərib Məmmədov bildirib ki, "Tvinninq" layihəsinin başlanması üçün Avropa İttifaqına üzv ölkələrdən olan İsveç və Latviya kimi bu sahədə təcrübəli ölkələrin dəstəyi, layihənin uğurla başa çatdırılmasında bizdə əminlik hissi yaradır: «İsveçdən layihəni Lantmeteriet (İsveçin Kadastr, Xəritəçəkmə və Daşınmaz əmlakın qeydiyyatı hüququ üzrə dövlət orqanı), Latviyadan isə layihəni tərəfdaş kimi Latviya Dövlət Torpaq Xidməti yerinə yetirəcəkdir. Azərbaycan tərəfindən isə məlum olduğu kimi, layihəni Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirəcəkdir».
Qeyd olunub ki, komitə, ümumiyyətlə, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, xəritəçəkmə və kartoqrafiya sahəsində dövlət siyasətini və bu istiqamətdə işləri yerinə yetirən mərkəzi icra hakimiyyəti orqanıdır. Belə ki, komitənin əsas funksiyalarından biri məhz Azərbaycan Respublikası ərazisində torpaq islahatının həyata keçirilməsi olub ki, irihəcmli iqtisadi tədbir olmaqla, həm də, siyasi əhəmiyyət kəsb edən torpaq islahatı nəticəsində ölkənin vahid torpaq fondu üç mülkiyyət formasına ayrılıb ki, bunlar da torpaq üzərində – dövlət, bələdiyyə və xüsusi mülkiyyətdir. İslahat nəticəsində keçmiş kolxoz və sovxozların əkinə ən yararlı torpaqları əvəzsiz şəkildə təxminən ölkənin 3.5 milyon vətəndaşına, fərdi yaşayış və bağ evlərinə, həyətyanı torpaq sahələri də daxil olmaqla cəmi 7 milyona yaxın vətəndaşa xüsusi mülkiyyətinə torpaq sahələri verilib.
Hazırda komitənin məlumat bazasında 15 milyondan artıq torpaq sahəsi barədə məlumatları mövcuddur. Komitə eyni zamanda, dövlət torpaq kadastrı və torpaqların qiymətləndirilməsi işlərini də həyata keçirir. Bu layihə nəticə etibarilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həyata keçirdiyi bu işlərə dəstək məqsədilə dövlət torpaq kadastrı məlumatlarının avtomatlaşdırılmış informasiya sisteminin, dövlət torpaq reyestrinin təkmilləşdirilməsinə, həmçinin torpaqların qiymətləndirmə metodikalarının Avropa İttifaqının standartlarına uyğunlaşdırılmasına yönəlib.
Qərib Məmmədov əlavə olaraq bildirib ki, "Tvinninq" layihəsinin uğurla həyata keçirilməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi və nəzarəti altında respublikanın xüsusi seçilmiş ərazilərində 37 ədəd Peyk Geodeziya stansiyalarının qurulması da öz töhfəsini verəcəkdir.
Avropa İttifaqı tərəfindən layihənin həyata keçirilməsi İsveçin Lantmeteriet və Latviyanın Dövlət Torpaq Xidməti tərəfindən təmin ediləcəkdir. Qeyd olunub ki, Lantmeteriet torpaq məsələləri ilə 17-ci əsrdən məşğul olur. Maraqlı haldır ki, ilk İsveç Torpaq Xidməti 1628-ci ildə yaradılıb. Göründüyü kimi, bu ölkənin uzun illərdən bəri formalaşmış yüksək təcrübəsi vardır. Latviya Dövlət Torpaq Xidməti isə nisbətən gənc müəssisə olmağına baxmayaraq, o da bu sahədə qısa müddətdə təcrübə toplayıb ki, bu təcrübə özlüyündə layihənin uğurla aparılmasına öz töhfəsini verəcəkdir.
SEYMUR
24/10/12 Çap et