Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 13,5 milyon manat ayrılacaq


Növbəti ildə təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 13,5 milyon manat, ümumtəhsil  məktəblərində oxuyan şagirdlərin  pulsuz  dərsliklərlə  təmin olunması xərcləri üçün 7,1 milyon manatın ayrılması gözlənilir. Təhsil  müəssisələrinin yenidənqurulması və əsaslı təmiri üçün ayrılacaq vəsait 12,6 milyon manat olacaq. Ümumtəhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması xərcləri üçün 4 milyon manat yönəldiləcək.

“İCTnews” elektron xəbər xidmətinin bildirdiyinə görə, bu barədə məlumat 2013-cü il üçün nəzərdə tutulan büdcə layihəsində yer alıb. 2008 – 2013-cü illər üzrə məktəb kitabxanalarının  maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir  informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər üçün 3 milyon manat sərf edilməsi də büdcə layihəsində yer alıb.

Ümumiyyətlə, 2013-cü ilin dövlət büdcəsindən təhsil xərcləri üçün 1530,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə 2012-ci illə müqayisədə 18,8 milyon manat və yaxud 1,2 faiz,  2011-ci ilin faktiki icrasına nisbətən 261,8  milyon manat və ya 20,6 faiz çox vəsait deməkdir.

HƏQİQƏT





24/10/12    Çap et