Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın yeni kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir
Azərbaycanda müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır və ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, respublikada daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır: "Özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir. Bu istiqamətdə hazırda "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" layihəsinin icrasına başlanılıb".
Komitədən qeyd edilib ki, bu məqsədlə Dünya Bankının, Almaniya "KfW" bankının və cəlb edilmiş beynəlxalq məsləhətçilərin tövsiyələri nəzərə alınmaqla hazırlanmış Texniki Tapşırığa əsasən, açıq tender elan edilib və onun qalibi Türkiyənin "Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş" şirkəti seçilib. "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" də qalib şirkət tərəfindən həyata keçiriləcək: "12 ay ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq paytaxtın Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq.
Belə ki, qeyd edilən rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu müddət ərzində həmçinin Bakı şəhərinin digər 9 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcək. Layihəyə əsasən, Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur".
ƏMDK-da hesab edilir ki, sözügedən layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək: "bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq".
HƏQİQƏT
29/10/12 Çap et