Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gültəkin Hüseynova:“Ali məktəblərin kitabxanalarında yaradılmış elektron kitabxanaların işini tənzimləmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş əsasnamə olmalıdır”


Azərbaycanda ali məktəb kitabxanalarının nümunəvi əsasnamə layihəsi hazırlanıb. Bunu  Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib. Onun sözlərinə görə, indiyədək ali məktəb kitabxanalarının nümunəvi əsasnaməsi olmayıb.

Əsasnamə kitabxanaların işləmə mexanizmini, kitab fondunun hansı formada saxlanılmasını, maliyyələşdirmənin hansı formada həyata keçirilməsini müəyyənləşdirəcək.

"Bu gün kitabxana sahəsində böyük yeniliklər var. Artıq ali məktəblərin kitabxanalarında elektron kitabxanalar yaradılır. Bu işi tənzimləmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bir əsasnamə olmalıdır ki, kitabxanalar da həmin sənədə uyğun olaraq işlərini eyni qaydada qursunlar", - Hüseynova deyib.

Nazirlik rəsmisi sənədin Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcəyini qeyd edib.




RƏVAN





29/10/12    Çap et