Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ziyan vurmaq məqsədilə viruslu proqramlar tərtib edən proqramçılar “Assembler” dilinə üstünlük verirlər
Fərdi kompüterdən istifadə edənlərin əksəriyyətində virusların yaranma mexanizmləri barədə məlumatların az olması, virus haqqında qəzet səhifələrində yazılmış məlumatlara, həmçinin eşitdikləri şayiələrə inanmaları onlarda virus proqramlarından qorxu hissi yaradır. Belə hala kompüter texnikasında virusofobiya deyirlər. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə akademik Əli Abbasovun da həmmüəllifi olduğu “İnformatika və kompyuterləşmənin əsasları” dərsliyinin yenidən işlənmiş nəşrində bildirilir.
Kitabda qeyd edilir ki, indiki zamanda elə bir insan tapmaq olmaz ki, fərdi kompüterlə təmasda olsun, amma virus haqqında eşitməsin: “Bəzən virus haqqında ağlagəlməz əfsanələr danışılır. Bu səbəbdən də əksər insanlar, hətta iri şirkətlər belə virusun kompüterə yoluxmasından həddindən artıq ehtiyatlanırlar. Əslində isə virus o qədər də dəhşətli deyil.
İstifadə edilən kompüterin virusa yoluxmaması üçün sadəcə olaraq, müəyyən elementar qayda-qanuna riayət etmək kifayətdir”. Belə ki, kompüter virusu çox kiçik ölçülü xüsusi yazılmış proqram olub, kompüterdə istifadə olunan müxtəlif proqramları korlamaqla və ya proqramlara yoluxmaqla xoşagəlməz hadisələr yaradır”.
Tərkibinə virus daxil olmuş proqram “Yoluxmuş proqram” adlanır. Belə olan halda hər hansı yoluxmuş proqram icra olunarkən kompüterin idarəetmə sistemi virusun təsirinə məruz qalır. Əgər yazılmış viruslu proqram həcmcə kiçikdirsə, onu müşahidə etmək mümkün olmur. Ziyan vurmaq məqsədilə viruslu proqramlar tərtib edən proqramçılar bu işi həyata keçirmək üçün əsasən “Assembler” dilinə üstünlük verirlər.
Onların bu dildə tərtib etdikləri proqramlar ya müəyyən firmalara ziyan vurmaq xatirinə, ya sadəcə olaraq maraq xatirinə yazılmış olur. İstifadəçinin kompüterinə viruslar müxtəlif yollarla düşə bilər. Viruslar internetə qoşulan zaman modem şəbəkə ilə yayıla bilir və ya “Fleş-Driver”, CD-DVD-disklər, disketlər kimi xarici informasiya daşıyıcılarından fərdi kompüterə düşə bilir. Lokal kompüter şəbəkələrindən və internetdən geniş istifadə də kompüterlərin virusa kütləvi yoluxmasına səbəb olur.
HƏQİQƏT
29/10/12 Çap et