Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Türkiyə arasında innovasiya və diversifikasiya fəaliyyəti genişləndiriləcək


Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində “Beynəlxalq regional əməkdaşlıq və inkişaf” adlı simpozium keçirilib. Simpoziumda AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki Təhsil-Tədris Mərkəzinin direktoru, iqtisad elmləri doktoru, professor Təbriz Əliyev “Azərbaycan iqtisadiyyatının inkişafında Türkiyənin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib və müvafiq sertifikata layiq görülüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib.

Mərkəzin məlumatına görə, məruzədə bildirilib ki, bazar iqtisadiyyatı modelini özünə sosial-iqtisadi inkişaf yolu seçmiş müstəqil Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri iqtisadiyyatın beynəlxalq əmək bölgüsündə səmərəli iştirakını təmin etməkdən, xarici kapitalın, mütərəqqi texnika, texnologiya və idarəetmə təcrübəsinin cəlb olunması yolu ilə məhsuldar qüvvələrin inkişafına nail olmaqdan ibarətdir: “Azərbaycanda aparılan məqsədyönlü daxili və xarici siyasətin nəticəsində onun dünya iqtisadiyyat sisteminə inteqrasiya prosesi getdikcə genişlənib, beynəlxalq əmək bölgüsü sisteminə daxil olması xarici investorların marağını artırıb və 1995-2011-ci illər ərzində ölkə iqtisadiyyatına 120 milyard dollar sərmayə qoyulub. 1995-2011-ci illər ərzində Azərbaycan və Türkiyə arasında xarici ticarət dövriyyəsinin həcmi 8,9 dəfə, o cümlədən ixrac 11,4 dəfə artıb. Azərbaycanda fəaliyyət göstərən bütün xarici və müştərək müəssisələrin 28,9 faizini Türkiyə şirkətləri təmsil edir.

Bütün bunlara baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üzrə xeyli ehtiyat imkanları mövcuddur”. Məruzədə qeyd edilib ki, 2011-ci ilin sentyabr ayında İstanbulda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) qurulması haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə inkişafını təmin edəcək.

Bu istiqamətlərə Türkiyənin ixrac tərəfdaşları arasında xüsusi çəkisi və mövqeyinin yüksəldilməsi, qlobal xarakterli regional layihələrdə fəal iştirak etmək, müştərək müəssisələrin əsas və dövriyyə kapitallarından səmərəli istifadə edilməsi istiqamətində prioritetlərin yaradılması, innovasiya və diversifikasiya fəaliyyətinin genişləndirilməsi, yüksək ixtisaslı kadr hazırlığında iki ölkə arasında səylərin artırılması və s. daxildir.
 
HƏQİQƏT





29/10/12    Çap et