Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saatlıda Gənclər Mərkəzinə gələnlər informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar


Saatlı rayonunda yeni istifadəyə verilən Gənclər Mərkəzində yaradılmış elektron kitabxanada və linqvistika otağında gənclər  informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ümumi sahəsi 2,5 min kvadratmetr olan Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılıb.

Binanın birinci mərtəbəsində tikişçilik dərnəyi və kompüter otaqları var: “Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait mövcuddur. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunub. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq və daha dəqiq olmaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılıb.

Xüsusi kompüter qrafikası vasitəsilə müxtəlif ov səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərəcək. Gənclər Mərkəzinin ikinci mərtəbəsində rəssamlıq dərnəyi və rəqs studiyası yaradılıb”.

Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompüter guşəsi qurulub: “Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərəcək. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait var. Mərkəzdə “3D” formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılıb. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaq”.

HƏQİQƏT





30/10/12    Çap et