Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows Phone 8” platformasını istifadəyə verib


“Microsoft” korporasiyası oktyabrın 29-da “Windows Phone 8”  mobil əməliyyat sistemini (ƏS) təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Windows Phone 8” platforması “NT” nüvəsinə əsaslanır. Məlumat üçün qeyd edək ki, “Windows Phone 7” platforması “Windows CE” nüvəsindən istifadə edirdi. “Windows Phone 8” üçün yaradılmış tətbiqləri “Windows Phone 7” ilə işləyən qurğularda icra etmək mümkün deyil.

“Microsoft” şirkəti ƏS-nin interfeysinə dəyişikliklər edib. Artıq bloklama ekranında tətbiqlərdən informasiya (məsələn, xəbərdarlıq, foto və sair) əks oluna bilər.

ƏS-nə “Twitter” və “Skype” tətbiqləri daxildir. “Skype” tətbiqi daim fon rejimində işləyir, yəni istifadəçi digər proqramlarla işlədikdə belə zəngləri və mesajları qəbul edə bilər. “Microsoft” bildirib ki, bunun batareyaya ziyanı yoxdur.

“Microsoft” korporasiyası “Windows Phone 8” ƏS-nə "Uşaq guşəsi" (Kid's Corner) adlı funksiya əlavə edib. Funksiya valideynlər üçün nəzərdə tutulub. Valideyn onun vasitəsilə uşaq üçün əlçatan ola biləcək tətbiq, musiqi parçaları, videoyazılar və sair təyin edə bilər.

Artıq “Samsung”, “Nokia” və “HTC” şirkətləri “Windows Phone 8” platforması ilə işləyən smartfonlarını təqdim ediblər. Aparatlar noyabrda satışa çıxarılacaq. Bütün bu qurğular “Qualcomm Snapdragon” prosessorları ilə təchiz olunub. “WP7” ilə işləyən qurğulardan fərqli olaraq, yeni platforma ilə işləyən smartfonlar yaddaş kartları üçün slotla təchiz edilə bilər və “NFC” texnologiyasını dəstəkləyir.

EMİL





30/10/12    Çap et