Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əhalinin yaşadığı bölgələrin 90 faizi rəqəmsal TV-nin əhatə dairəsinə qatılıb


Azərbaycanda əhalinin yaşadığı bölgələrin 90 faizi rəqəmsal TV-nin əhatə dairəsinə qatılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov verib. Onun sözlərinə görə, hazırda regionlar üzrə rəqəmsal televiziyanın yayımının optimallaşdırılması üçün əlavə avadanlıqlar qurulur.

“Hazırda Qusarın Sudur, Tovuzun Kiran və Xaçmazın Yergüc stansiyalarında avadanlıqlar qurulur. Rəqəmsal yayım formatına 12 kanal keçirilib.

Bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcək. Əlavə tədbirlər görülməklə bu kanalların sayı artacaq. Perspektivdə isə 50-60 telekanaldan ibarət kommersiya paketləri təklif olunacaq” - deyə Abbasov bildirib.

Rəqəmsal kontentin yayımı MPEG-4 standartında həyata keçirilir. Rəqəmsal standartı qəbul etməyən televizorlar üçün dekoder alınması vacibdir.

RƏVAN





30/10/12    Çap et