Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” Elm Kompüter Şəbəkəsinin internetə çıxış sürəti 132 Mb/san. təşkil edir


AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantları vasitəsilə maliyyələşdirilən və adı çəkilən institutda yerinə yetirilən axtarış-innovasiya xarakterli “Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” və fundamental-tətbiqi xarakterli “Multibiometrik sistemlərdə informasiyanın aqreqasiyası metodlarının işlənməsi” layihələrinin yerinə yetirilməsinin gedişi haqqında hesabat və monitorinq xarakterli seminar keçirilib. Seminarda layihələrin rəhbər və icraçıları, alim və mütəxəssislər, Elmin İnkişafı Fondunun icraçı direksiyasının əməkdaşları iştirak ediblər.

“ICTnews” elektron xəbər xidmətinə AMEA İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib. İnstitutdan bildirilib ki, tədbirdə layihənin rəhbəri, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev gündəlikdəki məsələlərlə bağlı məlumat verib.  Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev də layihənin əhəmiyyətini önə çəkərək bildirib ki, fond ənənəvi olaraq bu cür əhəmiyyətli layihələr və böyük maliyyə həcmli pilot layihələri üzrə mütəmadi olaraq aralıq hesabatların keçirilməsini təşkil edir və elmi ictimaiyyəti layihələrin gedişi ilə tanış edir.

Sonra professor R.Əliquliyev “Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” qrant layihəsi üzrə hesabat məruzəsi ilə çıxış edib. O, ölkə başçısı tərəfindən respublikada elm sahəsində həyata keçirilən uğurlu islahatların - AR-in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003-2012-ci illər), “Elektron Azərbaycan” Dövlət Proqramı, AR-də “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı, AR-də 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət proqramlarının əhəmiyyətindən danışıb.

İnstitutda fəaliyyət göstərən “AzScienceNet” Elm Kompüter Şəbəkəsinin fəaliyyəti haqqında ətraflı məlumat verən professor şəbəkənin internetə çıxış sürətinin 132 Mb/san., kompüter istifadəçilərinin sayının 2100-dən çox olduğunu, TERENA-nın (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) tamhüquqlu üzvü olduğunu, istifadəçilərə hostinq, e-poçt, e-kitabxana, distant təhsil, AZ-CERT, “Eduroam”, açıq “Grid”, “Cloud Computing”, Tədris-İnnovasiya Mərkəzinin infrastrukturuna və s. xidmətlər göstərdiyini, ölkəmizdə formalaşan elektron dövlətin bir seqmenti olan e-elmin şəbəkə platforması kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

O, AMEA-nın elmi işçilərinin fəaliyyətinin yüksək səviyyədə, beynəlxalq tələblər əsasında qurulması məqsədlərinə xidmət edən Verilənlərin Emalı Mərkəzinin (Data Center) mövcud vəziyyəti və texniki imkanlarının inkişafı istiqamətində aparılan işləri də diqqətə çatdırıb.

R.Əliquliyev layihənin məqsədi, fəaliyyət planı, layihə üzrə cari dövrdə görülmüş tədqiqat işləri, beynəlxalq elmi bazaların və istinad indekslərinin (Scopus, Web of Science, Science Citation Index, Scirus, SCImago, DBLP və s.) tədqiqi, milli və regional (Çin, Rusiya, Türkiyə, ISESCO, ISI və s.) istinad indekslərinin müqayisəli analizi, müvafiq verilənlər bazalarının strukturu üzrə aparılan tədqiqatlar, tətbiq olunan statistik və elmmetrik təhlillər üzrə aparılan tədqiqatlar, verilənlər bazalarında axtarış və qiymətləndirmə mexanizmlərinin təhlili, milli elmi informasiya resurslarının formalaşdırılması üzrə aparılan tədqiqatlar, Azərbaycan İstinad İndeksi (AzCI), yerli elmi jurnalların Beynəlxalq sistemlərdə təmsil olunmaması səbəbləri haqqında ətraflı məlumat verib. Alim sistemin strukturu, ona qoyulan tələblər, axtarış imkanları sistemin elmi-tədqiqatlar haqqında verə biləcəyi məlumatlar, qiymətləndirmə imkanları, Azərbaycan alimlərinin nəşrlərinin vahid reyestri və onun strukturu haqqında da danışıb.

“Multibiometrik sistemlərdə informasiyanın aqreqasiyası metodlarının işlənməsi” qrant layihəsi üzrə hesabat məruzəsi ilə layihə rəhbəri Lyudmila Suxostat çıxış edib. O, layihənin məqsəd və vəzifələri, AUS əsasında müqayisə qiymətlərinin optimal aqreqasiya metodu, aparılmış təcrübələrin nəticələri, diktorun tanınması üçün əlamətlərin çıxarılması metodunun işlənməsi, biometrik məlumatlardan kriptoqrafiya açarların generasiyası üçün etibarlı bitlərin birləşməsi metodu haqqında məlumat verib.


HƏQİQƏT





31/10/12    Çap et