Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təcrübə-Sınaq Mərkəzinin təşkilatçılığı ilə sınaq laboratoriyalarına ümumi tələblər və ölçmələrlə bağlı təlimlər keçirilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssisləri üçün sınaq laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər və ölçmələrin qeyri-müəyyənliyinin hesablanması mövzularında təlimlər keçirilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə komitənin Mətbuat xidmətindən məlumat verilib.

Komitədən bildirilib ki, ölçmələrin qeyri-müəyyənliyinin hesablanması mövzusunda Belarus Respublikasının Standartlaşdırma İnstitutunun Standartlaşdırma, Metrologiya və Keyfiyyəti idarəetmə kafedrasının baş müəllimi Valeri İvanoviç Labodeyev, İSO/İEK 17025:2005 standartı üzrə sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər mövzusunda Türkiyə Respublikasının "Esenek" Təlim Mərkəzinin rəhbəri Halil Çelik məruzələr ediblər. Ölkədə standartlaşdırma, metrologiya, akkreditasiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təşkil olunmuş təlimlərdə iştirak edənlərə sonda sertifikatlar verilib: "Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən təşkil olunan ixtisasartırma kursları və təlimlər məhz istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etmək məqsədi daşıyır".

HƏQİQƏT





31/10/12    Çap et