AMD şirkətinin hələ də başçısı yoxdur
Əgər mikroprosessor nəhəngi “İntel” 2011-ci ilin ikinci rübünün nəticəsinə görə rekord gəlirlərə nail olmağı bacardısa, onun rəqibi AMD-nin isə maliyyə nəticələri heç kəsi təəccübləndirməyib. Belə ki, şirkətin hesabatında heç bir sensasiya olmadığından ekspertləri çip istehsalçısının yeni rəhbəri maraqlandırır. Artıq 8 aydır ki şirkətin baş direktoru yoxdur. Məlum olduğu kimi, AMD-nin sabiq rəhbəri Dirk Meyer 2011-ci ilin yanvar ayında öz postunu tərk edib. Onun vəzifələrini müvəqqəti olaraq şirkətin maliyyə direktoru Tomas Seyfert öz üzərinə götürüb.
Şirkətin əsas hüquq məsləhətçisi Harri Uolinin sözlərinə görə, yeni CEO axtarışı AMD üçün birinci məsələdir. Bununla belə, AMD-nin maliyyə nəticələri haqqında mətbuat konfransının gedişatında qeyd edilib ki, Direktorlar Şurası bütün tələblərə cavab verən namizədi tapmayana kimi axtarışı davam edəcək. AMD-nin rüblük nəticələrinə gəlincə, şirkətin xalis gəliri 61 milyon olub. Satışlardan qazanc 1.5 milyard dollara qədər azalıb. AMD hesabatı demək olar ki, “Wall Street” analitiklərinin proqnozu ilə tamamilə üst-üstə düşüb.|
www.dailycomm.ru