Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazirlər Kabineti hesabatların elektron formada təqdim edilməsi üçün sistem hazırlayıb
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatı hesabatların elektron formada təqdim edilməsi üçün sistem hazırlayıb. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Nazirlər Kabinetindən məlumat verilib.
Sözügedən sistem Azərbaycan Respublikasında dövlət zəmanəti ilə alınan kreditlər, həmçinin texniki yardım və qrantlar hesabına maliyyələşdirilən layihələrin idarə edilməsinin avtomatlaşdırılması sahəsində imkanların artırılmasına xidmət edir. Layihənin məqsədi Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsində dövlət zəmanəti ilə alınan kredit, texniki yardım və qrantların monitorinqi və əlaqələndirilməsindən ibarətdir.
Məlumatda qeyd olunur ki, adıçəkilən sistem vasitəsilə layihələrin rüblük, aylıq və operativ hesabatları elektron formada alınaraq onların arxivləşməsi həyata keçirilir ki, bunun da üstünlüyü istənilən vaxt istənilən (cari və ya başa çatmış) layihə haqqında məlumat əldə edərək, layihələrin icrası ilə bağlı işlərin operativ olaraq təhlil edilməsi və bununla da işin keyfiyyətinin yaxşılaşdırılmasının təmin edilməsidir . Ən əsası isə sistem daxil edilən məlumatlara əsasən avtomatik olaraq müvafiq statistik göstəriciləri formalaşdırır.
Sözügedən sistemdən yalnız Nazirlər Kabinetinin Aparatı və İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanlarında yaradılmış dövlət zəmanəti ilə alınan kreditlər, həmçinin texniki yardım və qrantlar hesabına həyata keçirilən layihələri icra edən Layihə İdarəetmə Qruplarının (LİQ) istifadə etməsi mümkündür.
Layihə çərçivəsində sistemin işləməsi üçün məlumat bazası və proqram təminatı yaradılıb və sistemin təhlükəsizliyi təmin edilib. Belə ki, sistemə daxil olmaq üçün xüsusi loqin və şifrə tələb olunur ki, bu da yalnız müəyyən edilmiş müvafiq istifadəçilər tərəfindən daxil edilə bilər.Gələcəkdə sistemdə əməliyyatlar zamanı elektron imzalardan da istifadə olunması nəzərdə tutulub.
SEYMUR
01/11/12 Çap et