Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “İntel ISEF” - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək


Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın alimləri” II Respublika müsabiqəsinə qeydiyyat artıq başlayıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Mədəd Azərbaycan” təşkilatından məlumat verilib.

Təşkilatdan bildirilib ki, 2013-cü il 8-9 fevral tarixlərində Bakı şəhərində “İntel ISEF” - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək. Müsabiqə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib “Intel® ISEF” - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, “İntel İSEF”  ildə bir dəfə ABŞ-da keçirilən təhsil sahəsində şagird elmi-tədqiqat layihələri müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqə hesab olunur.

Beynəlxalq müsabiqənin əsas təşkilatçısı və sponsoru “İntel” korporasiyasıdır. Müsabiqə şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin edir, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi - doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə səbəb olur. Hər il sıraları genişlənən müsabiqəyə Azərbaycan bu il növbəti dəfə qatılacaq.

Təhsil sahəsi üzrə mütəxəssislərin fikrinə görə, bu nüfuzlu müsabiqə bütün dünya üçün olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Belə ki, müsabiqə bir çox üstünlükləri ilə yanaşı, Azərbaycan məktəblərində tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradır.
 
HƏQİQƏT




01/11/12    Çap et