Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları son texnologiya yenilikləri ilə tanış olublar
Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Avstriyanın paytaxtı Vyanada keçirilmiş 19-cu İntellektual Nəqliyyat Sistemləri Dünya Konqresindən geri dönüblər. “ICTnews” elektron xəbər xidmətinə mərkəzdən verilən məlumata görə, NİİM-in əməkdaşları tədbir çərçivəsində sessiyalarda, sərgidə iştirak ediblər.
Konqres zamanı iştirakçılar nəqliyyat sahəsində intellektual nəqliyyat sistemində yeniliklər və innovasiyalar, ekoloji aspektlər və bundan irəli gələn iqtisadi inkişaf göstəricilərinin artırılması, enerjiyə qənaət, nəqliyyat təhlükəsizliyi, intellektual nəqliyyat sistemləri sahəsinə investisiyaların cəlb edilməsi və digər mövzulara toxunublar.
4000-dən çox iştirakçını bir araya gətirən bu konqresdə yollarda kənar obyektlərin aşkarlanması, küçə parklanmasına nəzarət, insan axınının hesablanması və ona uyğun ictimai nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və planlaşdırılması, hərəkət edən obyektlərin aşkarlanması sistemləri kimi son texnologiya yenilikləri də təqdim edilib.
Dünyanın bir çox inkişaf etmiş ölkələrinin nəqliyyatın intellektual idarəetmə mərkəzlərinin toplaşdığı tədbir geniş təcrübə mübadiləsinə də şərait yaradıb. Belə ki, mərkəzin əməkdaşları müxtəlif panel sessiyalarda iştirak edərək digər ölkələrin intellektual idarəetmə mərkəzlərinin nümayəndələri ilə təcrübə mübadiləsi aparıblar.
CAHANGİR
02/11/12 Çap et