Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın istehsal etdiyi gecəgörmə cihazı ilk dəfə olaraq beynəlxalq sərgidə nümayiş etdiriləcək


Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcəkdir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə MSN-in mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, “Indo Defence-2012”adlanan sərgi 7-10 noyabr tarixlərində İndoneziyada keçiriləcək. Bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Beynəlxalq sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 125 adda müdafiə təyinatlı məmulatın nümayişi nəzərdə tutulur.  Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə və atıcı silahlar üçün şəffaf patron daraqları ilk dəfə  beynəlxalq sərgidə nümayiş etdiriləcəkdir.

“Indo Defence-2012” sərgisində ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr olmaqla dünyanın 50-dən artıq ölkəsindən 500-dən artıq  şirkətin iştirakı gözlənilir.Sərgi zamanı nazir Yavər Camalovun İndoneziyanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

SEYMUR





02/11/12    Çap et