Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın internetlə bağlı yeni çağırışları Azərbaycanda müzakirə ediləcək


Təhlükəsizlik, şəffaflıq, məxfilik. Məhz bunlar fikir və ifadə azadlığı üçün açıq, qlobal və ictimai forum olaraq ortaya çıxan, xüsusən də 80-90-cı illərdən sonra sürətlə yayılan internetlə bağlı yeni çağırışlardır. Bu çağırışların təmin edilməsi yollarını araşdırmaq üçün dünyanın internet sahəsində nüfuzlu nümayəndələr Azərbaycana toplaşacaq və "dünyanın nəzəri" yenidən Bakıya yönələcək.
 
6-9 noyabr tarixlərində Bakıda İİF təntənəsi
 
Belə ki, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 6-9 noyabr tarixlərində ölkəmizdə VII İnternet İdarəçiliyi Forumu (İİF) keçiriləcək. "Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması" mövzusunda təşkil olunan forumda BMT-nin İqtisadi və Sosial İşlər üzrə departamentində baş katibin müavini Vu Honqbo, Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture, həmçinin Rusiya Federasiyası rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov, Moldovanın rabitə və informasiya texnologiyaları naziri  Pavel Filip, Macarıstanın milli inkişaf naziri, həmçinin Litva, Misir, Kenya və s. kimi ölkələrin informasiya texnologiyaları üzrə nazirləri iştirak edəcəklər. Bununla yanaşı, tədbirdə 100-dək ölkəni təmsil edən 1500-dən çox nümayəndə heyətinin - hökumət, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları, beynəlxalq təşkilatlar və KİV nümayəndələrinin iştirakı gözlənilir. Hər il keçirilən forumun builki yeddinci iclası "Bakı Ekspo" sərgi və toplantı mərkəzində baş tutacaq.
 
İnternet İdarəçiliyi Forumunun gündəliyində duran əsas məsələ
 
İİF-in gündəliyində duran əsas məsələ "İnkişaf naminə internet idarəçiliyi (IG4D)" ilə bağlıdır. Forumda hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri mövcud internet təhlükəsizliyi, şəffaflıq, məxfilik, internetə çıxış və inkişaf məsələlərini müzakirə edəcək, inkişafa birbaşa aidiyyəti olan qlobal internet idarəçiliyi üzrə nümunələri nəzərdən keçirəcək, internetin idarəçiliyi məsələsinin milli və beynəlxalq səviyyədə inkişaf yanaşmaları ilə uzlaşdırma yollarını araşdıracaqlar.

BMT-nin İctimai İnformasiya Departamentinin məlumatına görə, iclas çərçivəsində müzakirə ediləcək digər müzakirə obyektlərinə gəlincə, burada fərdlərin, qrupların və ya bütünlüklə ölkənin  internetə çıxışının kəsilməsi üçün aparılan sızma, bloklaşdırma kimi məsələlər təşkil edəcək: "Bu sessiya keçən il aparılan ifadə azadlığı və innovasiya müzakirələri üzərində aparılacaq. Forumda, həmçinin, İnternet 3.0 dünyasında ənənəvi və yeni kütləvi informasiya vasitələrinin, vətəndaş və peşəkar jurnalistlərin oynadığı rol barədə söz açılacaq".
 
Səylər internet idarəçiliyi üzrə mövcud potensialın gücləndirilməsinə yönəlir
 
İnternet İdarəçiliyi Forumunun builki debatlarında son dərəcə önəmli məsələlər yer alıb. Belə ki, İİF-də intellektual mülkiyyət hüquqları və yeni biznes modelləri, açıq informasiya bazası və  bədbəxt hadisələrin törətdiyi fəsadların aradan qaldırılması zamanı internetdən istifadə məsələləri gündəmdə olacaq: "Çoxtərəfli model, internet idarəçiliyi, beynəlxalq forumun təkmilləşdirilməsi", forumun milli və regional fərqlilikləri isə "Perspektivlərin nəzərə alınaraq irəli addım atılması" mövzusu altında müzakirə ediləcək". Bu il forumun iclasında əsas mövzulardan biri də internet idarəçiliyinin başqa aspektdən müzakirəsidir.

Belə ki, ölkələrin səyləri internetin idarəçiliyi üzrə mövcud potensialın gücləndirilməsinə yönələcək: "İnternet idarəçiliyi çoxtərəfli modelinin inkişaf etdirilməsi və xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni səhmdarların cəlb edilməsi məqsədilə müvafiq tədbirlər planının hazırlanması nümayəndələr tərəfindən müzakirə ediləcək. Bu müzakirələr, təlimlər və debatlar İPv6 (Mühüm İnternet mənbələri) protokolunun yayılması və istifadəsi, o cümlədən hər kəsin internetdən  istifadəsini təmin etmək üçün "İnternetə çıxış və fərqliliklər" haqqında qanunun nə dərəcədə yenilikçi olması məsələləri üzərində cəmlənəcək".
 
Forumda virtual iştirak üçün dünyanın hər bir nöqtəsində "mərkəzlər" qurulur
 
Forumda virtual iştirak da mümkün olacaq. Belə ki, Bakıya gəlmək imkanı olmayan, amma tədbirdə canlı iştirak etmək istəyən şəxslər və institutlar dördgünlük iclasa uzaq məsafədən qoşula biləcəklər. Maraqlı tərəflər müzakirələri ev yaxud idarələrindən izləyə biləcəklər. Arzu edənlər canlı, amma məxfi yarımbaşlıqlar vasitəsilə də forumu izləyə biləcək, tədbirin internet üzərindən yayımına baxacaq, http://www.intgovforum.org/cms/  internet ünvanında canlı iştirak edə biləcəklər.

Əsas plenar iclaslarla eyni vaxtda müzakirələrdə və fikir mübadiləsində aktiv iştirak etmək üçün ictimaiyyətə açıq elan edilən 100-dən çox təlim, açıq forum və digər görüşlər də keçiriləcək. Bundan başqa, tədbirdəki iştirak etmək, iclası izləmək istəyən şəxslər üçün dünyanın hər bir nöqtəsində müvafiq  "mərkəzlər" təşkil edilir.
 
İnternet İdarəçiliyi Forumunun "tarixi vərəqləri"
 
İndi də bir qədər İnternet İdarəçiliyi Forumunun tarixini vərəqləyək. İİF İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin Tunis mərhələsində 2005-ci ildə təsis edilib. Belə ki, internet təhlükəsizliyi, sabitlik və inkişafa nail olunması yolunda hər il müzakirələrin aparılması məqsədilə İnformasiya Cəmiyyətinin üzv dövlətləri tərəfindən BMT-nin Baş katibinə yeni forumu təşkil etmək üçün müraciət olunub.

Forum inkişaf etmiş ölkələr (İEÖ) üçün yaradılan şəraitin, inkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün də, o cümlədən İEOÖ-də internet idarəçiliyi, mövcud institutlar və təşkilatlarda iştirak məsələsinin asanlaşdırılması və s. yaratmaq məqsədi daşıyır. Nəticə etibarilə, həm İEÖ, həm də İEOÖ-i təmsil edən tərəfdaşların foruma cəlb edilməsi internetin gələcək inkişafı üçün önəmlidir.
 
Bərabər hüquqlar əsasında müzakirə məkanı
 
Əslində, İnternet İdarəçiliyi Forumu qanunverici orqan deyil. BMT-nin İctimai İnformasiya Departamentinin qeyd etdiyi kimi, bu forum bütün nümayəndələr tərəfindən internetlə bağlı dövlət siyasəti məsələlərinin bərabər hüquqlar əsasında müzakirə edildiyi dialoq məkanıdır: "Forumun yekununda razılaşdırılmış bir nəticə əldə edilməsə də, İnternet İdarəçiliyi Forumu həm dövlət, həm də  özəl sektorlarda  qanunyaratma səlahiyyətinə malik orqanları  həvəsləndirir və məlumatlandırır.

BMT-nin baş katibi 2011-ci ildə  "İnternet  siyasətinin aparılması məsələləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda  EKOSOS-un hesabatında yazır ki, İnternet İdarəçiliyi Forumu informasiya və təcrübənin bölüşdürülməsi, konsensus formalaşdırılması, texnologiya transferi və potensialın gücləndirilməsi sahələri üzrə şəraiti asanlaşdırıb. Hər şeydən öncə, forum, səhmdar qruplar arasında internet idarəçiliyi məfhumunun ümumi dərki və birgə əməkdaşlıq üçün platforma rolunu oynayıb".
 
İİF-in "yenidən bölüşdürmə" səlahiyyəti olmasa da, "kimliyi müəyyənləşdirmək"  gücü var
 
BMT-nin İctimai İnformasiya Departamentinin məlumatına görə, İnternet İdarəçiliyi Forumunun "yenidən bölüşdürmə" səlahiyyəti olmasa da, onun "kimliyi müəyyənləşdirmək"  qismində əsas məsələləri ayırd etmək gücü var. Forum könüllülük əsasında maliyyələşir. İnternet İdarəçiliyi Forumu internet imkanlarından maksimum istifadə vasitələri və bu zaman meydana çıxan risk və çətinliklərin aradan qaldırılmasına dair ümumi anlayışın formalaşmasına kömək edir: "60 ildən çoxdur ki, BMT Baş Assambleyası İnsan hüquqları haqqında Ümumi Bəyannaməni qəbul edib. Çox güman ki, Bəyannaməni hazırlayan tərəflər illər sonra internet adlı məfhumun meydana gələcəyini təxmin etməzdilər.

Amma Bəyannamənin 19-cu maddəsinə nəzər yetirərkən onların məhz interneti nəzərdə tutduqlarını ehtimal etmək olar. "Hər kəsin fikir və ifadə azadlığı var: bu azadlığa müdaxiləsiz fikir sahibi olmaq və dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitələri ilə informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir". Bu maddə internetin mahiyyətini və sərhəd tanımayan fenomen olmasını özündə əks etdirir. İnternet "mühüm beynəlxalq platforma" kimi dəyərləndirilir. İnternet İdarəçilik Forumu isə bütün tərəfdaşların öz fikirlərini irəli sürə biləcəkləri neytral məkan, laboratoriya funksiyası daşıyır".
 
Bakı bu nüfuzlu tədbirin tarixində yeddinci ev sahibi kimi qalacaq
 
 
Hər il keçirilən internet forumu artıq bu gün internetlə bağlı bütün siyasi məsələlərin müzakirə edildiyi məşhur və çoxtərəfli platformaya çevrilib. İnternet İdarəçiliyi Forumu həm dövlət, həm də özəl sektorlarda qanunyaratma səlahiyyətinə malik olan qurumları həvəsləndirir və məlumatlandırır. Nümayəndələr müzakirələr edir, informasiya mübadiləsini həyata keçirir və ən yaxşı təcrübələrini bölüşürlər.

Belə ki, inkişaf cəhdləri yolunda  internetin ən yaxşı şəkildə necə istifadə edilməsi, həmçinin, mühüm texnologiyaların nəticəsi kimi yarana biləcək risk və çətinliklərin azaldılması üzrə qarşılıqlı anlaşmanı asanlaşdırır. İnternet İdarəçiliyi Forumu  bütün tərəfdaşları bərabər istinad nöqtəsi ilə təmin edən bitərəf məkandır. Hər il İnternet İdarəçiliyi Forumu  digər institutlarda yüksək səviyyəli danışıqların aparılması üçün bünövrə rolunu oynayır.

Forumun əvvəlki altı iclasına gəlincə, İİF 2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyroda (Braziliya), 2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2009-cu ildə Vilnüsdə (Litva), 2011-ci ildə Kenyanın paytaxtı Nayrobidə keçirilib. Bakı isə bu nüfuzlu tədbirin tarixində yeddinci ev sahibi kimi qalacaq.
 
Həqiqət İSABALAYEVA





03/11/12    Çap et