Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “BlackBerry” smartfonları gələn il istifadəyə veriləcək
Kanadanın “Research in Motion” (RIM) şirkətinin baş direktoru Torsten Heyns bir daha əmin edib ki, “BlackBerry 10” (BB10) əməliyyat sistemi (ƏS) 2013-cü ilin əvvəlində istifadəyə veriləcək. O vurğulayıb ki, “BB10” platformasını hazırda təxminən 50 mobil rabitə operatoru sınaqdan keçirir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hazırda “RIM” şirkətinin maliyyə vəziyyəti heç də ürəkaçan deyil. “Android”-smartfonlar və “iPhone” istehsalçısının rəqabətinə tab gətirə bilməyən “BlackBerry” smartfonları 2008-ci ildən etibarən bazar dəyərinin təxminən 95 faizini itirib.
Xatırladaq ki, “BlackBerry 10” ƏS-i mayda təqdim edilmişdi. “RIM” şirkəti bütün ümidlərini ona bağlayıb. ƏS-nin sentyabrda istifadəyə verilmiş beta-versiyası istehsalçı və mobil rabitə operatorlarından müsbət rəylər almışdı.
“BB10” platforması ilə işləyən smartfonların yayda, daha sonra payızda istehsal ediləcəyi gözlənilirdi. Lakin ƏS-nin relizi bir neçə dəfə təxirə salınıb. “RIM” ləngiməni şirkətin bazara “xam” məhsul çıxarmaq istəməməsi ilə izah edib.
Nəticədə “BlackBerry 10” ƏS-i və onunla işləyən smartfonların istehsalı 2013-cü ilin birinci rübünə keçirilib. Heyns şirkətin ƏS-nin relizini bu dəfə təxirə salmayacağı ilə bağlı bəyanatından sonra “RIM”-in səhmlərinin qiyməti noyabrın 1-də 9.8 faiz artaraq 8.7 dollar təşkil edib.
EMİL
05/11/12 Çap et