Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda beynəlxalq İKT həftəsinə rəsmən start verildi


Belə ki, bu həftə ərzində Bakı İKT sektoru üzrə olduqca əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək İT sənayesi nümayəndələrinin diqqətini cəlb edəcək. Həftənin əsas tədbirləri noyabrın 6-da Bakıda işə başlayan VII İnternet İdarəçilik Forumu (IGF-2012) və XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel-2012) olacaq.
 
Bu gün isə Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 47-ci iclası və RRB yanında MDB iştirakçı dövlətlərinin İnformatizasiya üzrə Koordinasiya Şurasının iclası keçirilib. İclasda RRB ölkələrinin rabitə və informatizasiya sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, Bakıda «IGF-2012»-nin rəsmi açılışı ərəfəsində İKT sahəsi üzrə nazirlər səviyyəsində görüş keçiriləcək. Burada beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur. Tədbir müasir, hiperbirləşmiş dünyada əmələ gələn problemlərin müzakirəsinə (Addressing the Challenges of a Hyperconnected World) həsr edilib. Müzakirələrin yekunu üzrə Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir.
 
Noyabrın 6-da "IGF" forumunda dünyanın müxtəlif ölkələrindən 1 500-dən çox nümayəndə heyətinin – dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması» (Internet Governance for Sustainable Human, Economic and Social Development) elan edilib. Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcəklər.
 
Forumun gündəliyində «yeni media»nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer alıb.
 
Tədbir təşkilatçıları həmçinin virtual iştirakı da nəzərə alıb. Belə ki, forumu internet vasitəsilə (http://www.intgovforum.org/cms/) canlı izləmək mümkündür.
 
Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük tədbir olan «Bakutel» sərgisi isə bu il ümumilikdə 30 ölkənin 200 şirkətini bir araya gətirəcək. Avstriya, Kanada, Xorvatiya və Fransa sərgidə öz milli pavilyonları ilə çıxış edəcək.
 
«Bakutel-2012» sərgisi İKT texnologiyaları üzrə bütün aktual format və istiqamətləri nümayiş etdirməklə ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyasını təmin edəcək. Sərginin bu il təklif etdiyi yeniliklər arasında insanların ünsiyyəti üçün yeni-yeni imkanlar açan proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. Həmçinin, müxtəlif mobil rabitə operatorlarının «Daşınan nömrələr» layihəsi, eləcə də təyyarələrin içində mobil rabitə üçün yeni həll variantları nümayiş etdiriləcək.





05/11/12    Çap et