Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BakuTel-2012” sərgi-konfransa start verildi


Bakıda 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya Texnologiyaları" sərgi-konfransı öz işinə başladı.

Noyabr ayının 6-dan 9-dək Bakı Ekspo Mərkəzində davam edən Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - "BakuTel-2012" sərgisi keçirildiyi illər ərzində ölkənin və ümumilikdə respublikanın telekommunikasiya bazarının ayrılmaz hissəsi olan aparıcı hadisəyə çevrilib. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "BakuTel" sərgisinə əvəzsiz dəstək göstərməklə yanaşı, onun inkişafında və formalaşmasında mühüm rol oynaıb. "BakuTel" sərgisinin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi, həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (ÜSSA) keyfiyyət nişanı ilə təsdiq olunur.

Bu il "BakuTel" sərgisi dünyanın 23 ölkəsindən 160 şirkəti bir araya gətirəcək. Xarici iştirakçıların siyahısına Belarus, Böyük Britaniya, Çin, İran, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələr daxildir. Kollektiv stendlərin fəal iştirakı artıq "BakuTel" sərgisinin ənənəsinə çevrilib. Belə ki, bu il sərgidə 8 kollektiv ekspozisiya iştirak edir.

Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Litva, Xorvatiya və Estoniyanın milli qrupları var. Sloveniya milli qrupu isə sərgidə ilk dəfədir ki, çıxış edir. Milli qruplar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin təqdim edilmiş ölkələrin müvafiq profilli strukturlarının dəstəyi ilə təşkil olunacaq. Bu stendlərdə ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün innovasiya sayılan maraqlı proqramlar təqdim olunacaq və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, sərginin keçirildiyi bütün illər ərzində tədbirin daimi iştirakçıları formalaşıb və indi həmin iştirakçı-şirkətlər eksponentlərin 40%-ni təşkil edir. Onların arasında aparıcı yerli və xarici İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və xidmət şirkətləri var. Həm yerli, həm də xarici şirkətlərin qatıldığı yeni iştirakçıların tərkibi isə ildə-ilə daha da genişlənir. Bu il debütantlar portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompüterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlıqları, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar nümayiş etdirəcəklər.

Dörd gün ərzində sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları kimi seqmentləri əhatə edəcək. Əvvəlki kimi, sərgidə əsas diqqət kosmik sənaye, yerüstü peyk idarəetmə strukturunun yaradılması və kadr hazırlığına yönəldiləcək. Belə ki, bu sektorun iştirakçılarından biri 2013-cü ilin yanvar ayında Azərbaycanının ilk "Azersat" telekommunikasiya peykini kosmosa çıxarmağa hazırlaşan "Azerkosmos" şirkətinin stendidir.

İKT sərgilərini digər ixtisaslaşdırılmış tədbirlərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, burada innovasiyalı texnologiyalar daha mühüm əhəmiyyət kəsb edir. "BakuTel" sərgisinin yolunu yaxın gələcəkdə məhz bu sahədə tətbiq olunacaq yeni İT məhsul və xidmətlərini təqdim etmək üçün gözləyirlər.

Bu il ziyarətçilər və sərgi iştirakçıları yenidən innovasiyaların, o cümlədən "elektron hökumət" sahəsində həll variantları, inteqrasiya və infrastruktur layihələri, elektron sənəd dövriyyəsi və mühasibatlıq sahəsində biznes həlləri, yeni avtomatik idarəetmə sistemləri ("SON"), proqram təminatları, peyk rabitəsi üçün xidmət avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, bank texnologiyaları və bir sıra digər xidmətlərin şahidi olacaqlar. Yeni qurğular, o cümlədən radiostansiyalar, portativ radiostansiyalar, çoxkanallı rəqəmsal teleradio yayımı (DVB-T) sahəsində yeniliklər, HD radio, günəş batareyaları, külək enerjisi ilə işləyən avadanlıqlar, daxili quraşdırılma üçün optik-lifli kabellər və bir sıra digər məhsulların təqdimat mərasimləri keçiriləcək.

Sərgi çərçivəsində yerli distribütorlar əhaliyə mobil telefonlar, planşetlər və fərdi kompüterlərin yeni modellərini təqdim edəcəklər. Sərgidə bütün arzu edənlər "Microsoft Windows 8" əməliyyat sistemini sınaqdan keçirərək, "Windows Server 2012" əməliyyat sisteminin üstünlükləri ilə yaxından tanış ola biləcəklər. Bu gün aktual məsələlərdən biri olan nömrələrin daşınması sahəsində xidmətlər isə mobil rabitə operatorları üçün xüsusilə maraqlı olacaq. İlk dəfə sərgi çərçivəsində möhtəşəm multimedia effektlərinin banisi qeyri-adi interaktiv həll variantlarını yaratmaqla, rəqəmsal effektləri reallıqla bir araya gətirməyə imkan verən və reklam biznesində faydalı olacaq yeni qurğu və proqramları öz stendinin ziyarətçilərinə nümayiş etdirəcək.

Azərbaycanda istehsal olunan ilk planşet kompüteri "Nexus Azpad Android", şəxsi istifadəçilər üçün Azərbaycan dilində ilk antivirus proqramı "B.A.K.U", həmçinin "Android Mobile" istifadəçiləri üçün antivirus proqramının təqdimat mərasimləri xüsusilə diqqəti cəlb edir. İlk dəfə olaraq, "BakuTel" sərgisində əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşması, onların identikliyinin təmin olunması, habelə əlavə xərclərin və vaxt itkisinin azaldılması üçün nəzərdə tutulmuş "ASAN" mərkəzləri ("Azerbaijan Service and Assessment Network") iştirak edir.

Ənənəvi olaraq, "BakuTel" sərgisində zəngin işgüzar proqram, müxtəlif tədbirlərin keçirilməsi və sərginin ziyarətçiləri üçün bir çox maraqlı tədbirlər planlaşdırılır. Sərginin dolğun işgüzar mühiti müxtəlif müsabiqələr, sürprizlər, mükafatların oynanılması, parlaq təşviqat aksiyaları və virtual yarışlar sayəsində daha da zəngin olacaq. Bu tədbirlər öz abunəçiləri ilə görüşmək üçün sərgi stendlərindən istifadə edən yerli mobil və kabel operatorları tərəfindən təşkil olunacaqdır.

"BakuTel" çərçivəsində İnternet İdarəçilik Forumunun da keçirilməsi vacib hadisələrindən biridir. "İİF" forumu Azərbaycanda ilk dəfədir ki, təşkil olunur. Tədbir Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Qeyd edək ki, bu il sərginin baş sponsoru "Azercell" şirkətidir. Azərbaycanda "Iteca Caspian" şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgi və konfransların rəsmi rabitə tərəfdaşı qismində isə artıq ardıcıl olaraq üçüncü ildir ki, "Azerfon" mobil rabitə operatoru çıxış edir. Sərginin digər tərəfdaşları arasında "AZAL" konserni, "Greenwich Travel Club" şirkəti, habelə "Hilton" və "Qafqaz Poynt Hotel" mehmanxanaları da var. Sərginin təşkilatçıları "Iteca Caspian" şirkəti və onun tərəfdaşı Böyük Britaniyanın "ITE Group plc" şirkətidir.





06/11/12    Çap et