Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlham Əliyev “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub
Bakı Sərgi Mərkəzində "BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan "Bakutel-2012" sərgisində ABŞ, Belarus, Çin, Koreya Respublikası, Litva, Malayziya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 160 şirkət iştirak edir. Avstriya, Estoniya, Fransa, Xorvatiya, İsrail, Litva, Sloveniya və Kanada isə sərgidə milli qruplar ilə təmsil olunublar. Sərgidə yerli informasiya texnologiyaları şirkətləri, mobil operatorlar, distribüterlər, rabitə operatorları, servis şirkətləri də öz məhsullarını və xidmətlərini nümayiş etdirirlər.
Məlumat verilib ki, sərginin ekspozisiyasına İKT sahəsinin müasir ixtiraları, proqram təminatları, peyk əlaqəsi üçün xidmət və teleradio yayım avadanlığı və sair daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva milli və xarici pavilyonlarla tanış olublar.
Dövlət başçısı sərginin iştirakçılarına uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
06/11/12 Çap et