Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Baş nazirin müavini Abid Şərifov: «İKT sektoru Azərbaycanın qeyri-neft sektorunun əsas və prioritet sahələrindən biridir»
İKT sahəsi Azərbaycanın qeyri-neft sektorunda əsas və prioritet sahələrindən biridir və ölkə hökuməti tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Bunu Bakıda keçirilən VII İnternet İdarəçiliyi Forumunun (Internet Governance Forum, IGF-2012) rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın baş nazirinin müavini Abid Şərifov deyib.
Hazırda bu sahənin sürətlə inkişaf etdiyini deyən A.Şərifov yeni informasiya texnologiyalarının dövlət idarəçiliyi sistemində tətbiqini, əhaliyə elektron xidmətlərin göstərilməsini və s. buna misal göstərib. O, forumun əhəmiyyətinə toxunaraq bildirib ki, bu tədbir internetdə təhlükəsizliyin təmin olunmasına imkan verəcək və ümumiyyətlə, dünyada internetin qlobal inkişafına təkan verəcək.
A.Şərifov qeyd edib ki, Azərbaycan uşaqların internetdə təhlükəsizliyinin təmin olunmasını, internet terrorçuluğu ilə mübarizəni dəstəkləyir.
Qeyd edək ki, noyabrın 9-dək davam edəcək VII İnternet İdarəçiliyi Forumunda müxtəlif ölkələrdən 1 500-dən çox nümayəndə heyəti, o cümlədən dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, internet həvəskarları və KİV nümayəndələri iştirak edirlər.
Tədbirin əsas mövzusu «Davamlı insan, iqtisadi və sosial inkişaf üçün internetin idarə olunması» («Internet Governance for Sustainable Human, Economic and Social Development») elan edilib.
Müzakirə ediləcək məsələlər arasında internetin inkişafı hesabına dünya ictimaiyyəti qarşısında duran qlobal problemlər yer alıb. Forum iştirakçıları həmçinin kibertəhlükəsizlik, əhalinin müxtəlif təbəqələrinin internetdən bərabərhüquqlu istifadəsi, uşaqların internetdən icazəsiz istifadə etmələri və hazırda aktual olan digər məsələləri nəzərdən keçirəcək.
Forumun gündəliyində «yeni media»nın rolu, internet-resurslara çıxışın bağlanması, yeni biznes-modellər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlar zamanı internetdən istifadə kimi nisbətən yeni mövzular da yer alıb.
06/11/12 Çap et