Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident İlham Əliyev: “İnformasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir”
- Sizi yenidən görmək çox xoşdur. Qarşıdakı illərdə yeni yataqların istismara verilməsi və daha çox kəmərlərin tikilməsi ilə Azərbaycan Avropanın mühüm enerji təchizatçısına çevriləcəkdir. Buna baxmayaraq, hökumət əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. “Azərbaycan – gələcək yüksək texnologiyalar mərkəzi” – Siz ölkənizi belə görürsünüz?
- Tamamilə doğrudur. Biz bunları planlaşdırırıq. Belə ki, bizim son illərdə əldə etdiyimiz uğurlar, iqtisadi yüksəliş göstərir ki, ölkəmizdə qeyri-energetika sektoru sürətlə inkişaf edir. Bu il enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri-energetika sektorunun inkişaf göstəricisi 10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə olunması özünü doğruldur. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir. Mən çox məmnunam ki, hər il ölkəmizdə “BakuTel” sərgisi və eyni zamanda, bu gün Bakıda VII İnternet İdarəçilik Forumu keçirilir ki, bütün bunlar da Azərbaycanda bu sahədə görülmüş işləri əks etdirir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir. Bizim bu sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik və gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik.
- Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə ən yüksək göstəricilərdən birinə malikdir. Son 20 il ərzində internetin bütün dünyanı bir araya gətirməsi kibercinayətkarlıq, terrorizm, hakerlik risklərini artırır. Bəzi ekspertlər iddia edirlər ki, din, su və ərazi məsələlərindən sonra müharibələrə səbəb olacaq növbəti amil internet ola bilər. Azərbaycan internetdən fayda və təhlükələr arasında necə balans yarada bilər ki, əhalinin internetdən istifadəsində məhdudiyyətlər qoyulmasında ittiham olunmasın?
- Bilirsiniz, inkişafımızın hazırkı mərhələsində məqsədimiz internet istifadəçilərimizin dünya informasiyasını əldə etmək imkanlarını artırmaqdan ibarətdir. Azərbaycanda internetdən istifadə tam azaddır. Hazırda internet istifadəçilərinin sayı 65 faizdən çoxdur. İndi biz Azərbaycanın hər bir kəndinin belə genişzolaqlı internet xidməti ilə təmin edilməsi üçün yeni sistem yaradırıq.
Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir. Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi məsələlərin tənzimlənməsi bizim gündəliyimizdədir. Bakıdakı İnternet Forumunun müzakirə mövzularından biri də məhz azadlıqlar - ifadə azadlığı, informasiya azadlığı, insanların şəxsi azadlıqları, eyni zamanda, təhlükəsizlik və hüquqi baza arasında balansı müəyyən etmək olacaqdır. Düşünürəm ki, bu Forumdakı müzakirələr bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni ideyalardan faydalanacağıq. Həmçinin, biz dünyadakı aparıcı ölkələrin bununla bağlı təcrübəsini də öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın aparıcı demokratik dövlətləri bu məsələləri necə həll edəcəklər? Bütün bunlar bizim üçün çox önəmlidir.
- Ölkənizin əldə etdiyi uğurlar, – bunu başqa sözlə, Xəzərdə Silikon Sahillərin yaradılması da adlandırmaq olar, – Qərb və xarici investorlara hansı imkanları təklif edir?
- Biz beynəlxalq sərmayədarlar üçün açığıq. Azərbaycanda çox yaxşı investisiya mühiti var və adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə ölkəmiz keçmiş sovet məkanında ən yüksək yerdədir. Biz neft və qaz sektoru, İKT, infrastruktur, tikinti sahələrinə investisiya qoyuluşunda daha çox maraqlıyıq. Şahidi olduğunuz kimi, hazırda Bakıda turizm infrastrukturuna investisiyalar qoyuluşunda böyük canlanma vardır. Demək olar ki, hər ay yeni beşulduzlu otellər açılır. Biz xarici şirkətlərin ölkəmizdə turizm sahəsinə investisiya qoymalarını alqışlayırıq. Biz, eyni zamanda, xarici investisiyaların stimullaşdırılması üçün də işlər görürük. Bizim hökumətimiz dövlət büdcəsi hesabına İKT sektorunda çox mühüm investisiya layihələrini maliyyələşdirir.
Məqsəd yalnız hüquqi-normativ baza yaratmaq deyil, eyni zamanda, özəl sektorun da bu infrastruktur layihələrində iştirakını təmin etməkdir. “BakuTel”də iştirak edən dünya şirkətlərinin sayının artması da Azərbaycan bazarının cəlbedici olmasının yaxşı göstəricisidir. Azərbaycan İKT-nin inkişafına görə artıq regionda lider dövlətə çevrilib və əlbəttə ki, bu mövqe gələcəkdə daha da güclənəcəkdir.
- Sizin qarşınıza qoyduğunuz məqsədlər nədən ibarətdir? Növbəti illərdə nə qədər investisiya cəlb etməyi nəzərdə tutursunuz?
- Bilirsiniz, rəqəmlərlə bağlı konkret nəsə demək çətindir. Bizim strateji yanaşmamız bundan ibarətdir ki, İKT sektoru neft və qaz sektorundan sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır. Bilirsiniz ki, neft və qaz ehtiyatları tükənən sərvətdir. İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı 20 ildə iqtisadiyyatımızın aparıcı, bəlkə də ən əsas sahələrindən biri ola bilər. Bu baxımdan biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları məbləğində investisiya cəlb olunacağına ümid edirik və dövlətimiz yerli şirkətlərlə birgə prosesdə iştirak edəcəkdir.
- Sizə uğurlar arzulayırıq. Minnətdaram.
- Təşəkkür edirəm.
07/11/12 Çap et