Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Hiperbirləşmiş dünyada risklər və imkanlar” mövzusunda beynəlxalq tədbir keçirilib
Bakıda "Hiperbirləşmiş dünyada risklər və imkanlar" mövzusunda beynəlxalq tədbir keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Dünya İqtisadi Forumunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Dünya İqtisadi Forumunun (DİF) Telekommunikasiya və informasiya texnologiyaları sənayesinin baş direktoru Alan Markus bildirib ki, internet çoxlu, böyük iqtisadi imkanlara malikdir. " Dünya İqtisadi Forumu da internetə məhz bu baxımdan yanaşır".
DİF rəsmisi qeyd edib ki, müasir, qloballaşan dünyada bir sıra çağırışlar mövcuddur: "Biz hiperbirləşmiş bir dünyada iş həyatı keçiririk. Nazirlər Toplantısında da hiperbirləşmiş dünyada mövcud olan çağırışlar və onların həll yolları haqda müzakirələr aparılıb. Bu çağırışların həllinə nail olmaq üçün bir sıra imkanlar mövcuddur. Gələn həftə Dubayda hər il keçirdiyimiz, ənənəvi, böyük toplantımız olacaq. Müxtəlif hökumət rəsmiləri səviyyəsində keçirilən bu toplantını "Qlobal Gündəlik"lə bağlı sammit adlandırırıq.
Bu sammitdə dünya üçün ən əhəmiyyətli, irimiqyaslı məsələləri həll etməyə çalışırıq. Çox böyük etimad göstərilərək, bu işi həyata keçirmək bizə həvalə olunub. Biz dünyanı narahat edən məsələləri müəyyən etməyə çalışırıq ki, onların öhdəsindən necə gələ bilərik". Alan Markus DİF tərəfindən müəyyən edilən istiqamətlərə də toxunub: "Biz nəyi izləyirik? Bütün dünyada informasiya texnologiyalarının hazırlıq vəziyyətini yoxlayırıq.
138 dövlətlə bağlı hazırladığımız hesabat mart ayında nəşr olunub. Burada genişzolaqlı internetdən istifadə, bu sahədə qanunun aliliyinin təmin olunması, internet xidmətlərinin inkişaf etdirilməsi, o cümlədən təhsillə bağlı göstəricilər və s. kimi bır sıra məsələləri nəzərdən keçirmişdik. Düşünürəm ki, ölkələr tərəfindən qlobal ictimaiyyətə müqayisəli təzyiqlər göstərilir, eyni zamanda da bu indikatorların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılır".
İnternet çağırışlarına da toxunan A.Markus qeyd edib ki, burada daha çox toxunulmazlıq anlayışı gündəmə gəlməlidir: "Adətən internetdə kibertəhlükəsizlikdən danışırıq. Amma düşünürəm ki, bu, daha çox kibertoxunulmazlıq olmalıdır. Biz burada iqtisadi yanaşmadan istifadə edirik. Yəni bizneslər özlərini təhdid və risklərdən necə xilas edib belə bir böhran zamanında inkişaf edə bilərlər. İstəyirik ki, hökumətlər, liderlər bu məsələdə - informasiya texnologiyaları və kibertoxunulmazlıqla bağlı öz məsuliyyətlərini dərk etsinlər".
Müzakirələrlə davam edən tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture də öz fikrini bildirib: "Düşünürəm ki, DİF-in müxtəlif sahələr üzrə inkişafı müəyyən edən indikatorları izləməsi çox vacibdir. Hazırda internetlə bağlı müəyyən çağırışlar, problemlər mövcuddur. Mən qorxu demirəm, onlara toxunmuram. Düzdür, insanlar müəyyən qorxular barədə danışırlar, amma mən onların əvəzinə çağırışlar, problemlər barəsində danışmaq istəyirəm.
Müsbət məsələdir ki, rəqabət yaradılır, insanlar hədəfləri aydın şəkildə müəyyən edirlər və onlara doğru hərəkət edirlər. Hesab edirəm ki, qlobal görüşlərdə DİF müəyyən metodologiya işləyib hazırlasa, insanlar bu metodologiyadan istifadə edə bilərlər. Qlobal mənzərəni təsəvvür etmək üçün təbii ki, qlobal sıralamanı, reytinqi mütləq həyata keçirmək lazımdır və ona ehtiyac var. Amma bu sıralama inkişaf baxımından bir-birinə uyğun olan ölkələrin inkişafı müqayisə edilərək aparılmalıdır".
Tədbirin sonunda yekun nitqi ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da internet çağırışları ilə bağlı məsələyə toxunub: "Dünya İqtisadi Forumunun çox yaxşı tezisi var - "Bizim öhdəliyimiz dünyanı dəyişməkdən ibarətdir". Düşünürəm ki, bu tezis iqtisadiyyat, eyni zamanda internetlə bağlı da ifadə oluna bilər. Bizim öhdəliyimiz odur ki, yeni texnologiyalar yaradıb yeni dünya quraq. İnternet yeni bir dünyadır". İnternetin iqtisadiyyatın inkişafına dəstək verdiyini də vurğulayan nazirin sözlərinə görə, o, müasir cəmiyyətin bütün sahələrinə təsir etmək imkanına malikdir.
Məhz bu baxımdan, sözügedən sahə yeni çağırışlar, yeni problemləri gündəmə gətirir: "İnternet, o cümlədən də rəqəmli texnologiyalar dünyanın bütün ölkələri üçün mövcud olmalıdır və hər bir hökumət meydana çıxan problemlərin həll olunması baxımından məsuliyyət daşıyır. Biz insanların bu yeni dünyada mütləq təhlükəsizliyini təmin etməliyik. Digər mühüm amil isə internet azadlığıdır".
Həqiqət İSABALAYEVA
07/11/12 Çap et