Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və ABŞ arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
"AmCam Azərbaycan", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ səfirliyinin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumu və "Bakutel" İKT həftəsi çərçivəsində noyabrın 7-də Bakıda ilk "Azərbaycan-ABŞ İKT forumu" keçirilib. Forumda Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən söz açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İKT sahəsinin növbəti illərdə də ölkə iqtisadiyyatının inkişafı üçün prioritet istiqamət olacağını vurğulayıb: "Respublikanın gələcək inkişafı "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapıb. Konsepsiya ilə müəyyənləşən istiqamətlərə görə, gələcək 8-10 il ərzində qeyri-neft sektorunu inkişaf etdirməklə ölkədə ÜDM-nin həcmini iki dəfə artırmaq məqsədi qarşıya qoyulub. Bu baxımdan, Azərbaycanda elm, təhsil, o cümlədən də texnologiyaların inkişafı diqqət mərkəzində olacaq".
Azərbaycanla ABŞ arasında İKT üzrə əməkdaşlığa dair memorandum imzalandıqdan sonra respublikada İKT üzrə yeni inkişaf dövrünün başlanacağını da nəzərə çatdıran nazir bildirib ki, hazırda ölkəmizdə İKT-nin inkişafı sürətlə gedir. Belə ki, beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, bu inkişaf tempinə əsasən, Azərbaycan inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında dayanır: "Eyni zamanda bir çox ekspertlər və bizim Konsaltinq şirkətinin proqnozlarına görə, Azərbaycan hökuməti İKT sahəsinə investisiya yatırmaqla yanaşı, İKT sahəsinin inkişafına xüsusi şərait yaratmaqla bu istiqamətdə islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda İKT sektorundan gələn gəlirlər neft sektorundan gələn gəlirlərə bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək".
Bu gün İKT-nin inkişafının vacib amilə çevrildiyini deyən Ə.Abbasov gələcək perspektivlərdən, milli və regional layihələrdən də söz açıb. Belə ki, ölkədə genişzolaqlı internet xidmətlərinin daha da genişləndirilməsi üçün 450 milyon ABŞ dollarının ayrılması, özəl sektorun inkişafının dəstəklənməsi, stimullaşdırılması, xüsusi islahatlar aparmaqla rəqabət mühitinin yaxşılaşdırılması, dövlət-özəl sektorları arasında əməkdaşlığın genişləndirilməsi və s. nəzərdə tutulur. Nazir həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi, artıq bu məqsədlə Yerüstü İdarəetmə Mərkəzinin tikilməsi, gələn ilin əvvəlində orbitə ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi və s. kimi mühüm layihələrdən də danışıb.
Ölkəmizdə aparılan işlərə böyük dəyər verdiklərini deyən ABŞ Dövlət katibinin müavini, Beynəlxalq Rabitə və İnformasiya Siyasəti üzrə ABŞ koordinatoru Filip Vervyer bildirib ki, Azərbaycanda genişzolaqlı internetin daha da inkişaf etdirilməsini dəstəkləyirlər: "İmzalanacaq Əməkdaşlıq memorandumu ABŞ-la Azərbaycan arasında qarşılıqlı imkanlar açır. Biz Azərbaycanda təxminən 10-a yaxın sahə üzrə əməkdaşlıq edə bilərik. Azərbaycanın əldə etdiyi nailiyyətlər, qarşıya qoyduğu məqsədlər, İKT baxımından regionda lider ölkəyə çevrilərək irəliyə getməsi təqdirəlayiq bir haldır".
Forumda iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar İKT üzrə qlobal forumun məhz Azərbaycanda keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib: "İKT iqtisadiyyatın aparıcı sahəsidir.
Qlobal forumun Azərbaycanda təşkili ölkə iqtisadiyyatının daha da şaxələndirilməsinə öz töhfəsini verəcək. Səfirlik olaraq, ABŞ şirkətlərinin Azərbaycanda öz fəaliyyətlərini daha da genişləndirməsinə dəstək veririk. İKT-nin, o cümlədən internetin bu ölkədə inkişafı şəffaf cəmiyyətin yaradılmasına yönəldiyi üçün ABŞ Azərbaycanı bu sərgidə dəstəkləyir və biz bu sahədə açıq tərəfdaşlığın tərəfdarıyıq".
"AmCam Azərbaycan"ın İKT komitəsinin sədri Rüfət Hacıəlibəyov da Azərbaycan üçün neft-qaz sektorundan sonra İKT sektorunun ikinci prioritet sahə olmasını vurğulayıb. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda İKT sektorunun inkişafı üçün ABŞ Ticarət Palatası ilə İKT komitəsi səylərini davam etdirəcək, dövlət-biznes strukturlarına öz təkliflərini verəcək.
Daha sonra forum çərçivəsində Azərbaycan və ABŞ arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən Beynəlxalq Rabitə və İnformasiya Siyasəti üzrə ABŞ koordinatoru Filip Vervyer imzalayıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırılıb.
Həqiqət İSABALAYEVA
07/11/12 Çap et