Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əhali qrupu abunəçiləri üzrə smart-kart tipli su sayğaclarının quraşdırılmasına başlanılıb


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirir. Cari ilin may ayından Bakı, Abşeron və Sumqayıt Su-kanal idarələrinin xidmət göstərdiyi ərazilərdə belə sayğacların quraşdırılmasına başlanılıb.

“ICTnews” elektron xəbər xidmətinin “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə,  ilkin mərhələdə smart-kart tipli sayğaclar su sərfiyyatı böyük olan yerlərdə, əsasən qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq oktyabr ayından başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılır. Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunub. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərə də yeni sayğacların quraşdırılması sürətləndirilib.

Ümumilikdə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi smart-kart sayğacları ilə təmin olunub. Bununla da smart-kart sayğaclarından istifadə edən  abunəçilərin sayı 10700-ü ötüb.

Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

Xatırladaq ki, cari il iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda smart-kart tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq, su təchizatı sektorunda smart-kart tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar verib.
 
CAHANGİR






08/11/12    Çap et