Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Klinikalar dəvət etdikləri xarici mütəxəssislərin sənədlərini elektron formada Səhiyyə Nazirliyinə təqdim edə biləcək


Bundan sonra klinikalar dəvət etdikləri xarici mütəxəssislərdən onlar ölkəyə gəlməzdən öncə müvafiq sənədləri tələb edərək, elektron formada, e-xidməti vasitəsilə Səhiyyə Nazirliyinə təqdim edə biləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu məsələ nazir müavini Elsevər Ağayevin rəhbərliyi ilə keçirilən xarici ölkə vətəndaşlarının Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmalarının ümumi qaydalarına həsr olunmuş geniş toplantıda gündəmə gətirilib: “Toplantının keçirilməsində əsas məqsəd tədbirə dəvət olunmuş özəl tibb müəssisələrinin rəhbərlərini Nazirlər Kabinetinin qərarı ilə tənzimlənən əmək miqrasiyası proseslərinin hüquqi tərəfləri barədə məlumatlandırmaq və bu prosesdən irəli gələn məsələlərə aydınlıq gətirmək idi.

Qeyd edək ki, xaricdə təhsil alan və ya xaricdə kurs keçmiş xarici vətəndaşların Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün ümumi qaydalar hələ 1999-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi 5 saylı qərarla tənzimlənir. Nazirlər Kabinetinin həmin qərarı əsasında Səhiyyə Nazirliyinin müvafiq əmri ilə xüsusi komissiya yaradılıb və bu komissiyanın əsasnaməsi təsdiqlənib.

Rəsmi qaydalara əsasən, ölkəmizə qonaq qismində və hər hansı konfransda iştirak məqsədi ilə gələn əcnəbi tibb mütəxəssisləri istisna olmaqla, haqqı ödənilən tibbi əmək fəaliyyəti ilə məşğul olacaq hər bir tibb işçisi Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsini almalı və bu şəhadətnamənin əsasında Dövlət Miqrasiya Xidmətindən əmək vizası alınmalı, daha sonra əmək müqaviləsi imzalanmalıdır”.

Bütün bu məsələləri nəzərə alaraq, prosedurların yüngülləşdirilməsi məqsədilə yaradılmış elektron xidmətin “Elektron xidmətlər” siyahısına daxil olunmasına dair Nazirlər Kabinetinə müraciət olunub.  Nəticədə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış e-xidmət Nazirlər Kabinetinin ümumi “Elektron xidmətlər” siyahısına daxil edilib. Sözügedən elektron xidmət xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması məqsədilə yaradılıb.

Toplantıda Səhiyyə Nazirliyinin internet saytında yerləşdirilmiş yeni “Xarici ölkədə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması ilə bağlı e-xidmət” tədbir iştirakçılarına təqdim edilib və hərtərəfli müzakirə olunub.
 
HƏQİQƏT






08/11/12    Çap et