Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni Ünvan Reyestri İnformasiya Sistemi 2013-cü ildən istifadəyə veriləcək


Ölkə vətəndaşlarının, dövlət təşkilatlarının, eləcə də biznes qurumlarının gündəlik fəaliyyətində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvanların dəqiq müəyyən edilməsidir. Bu səbəbdən, 10 fevral 2012-ci il tarixdə respublika prezidenti “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanın icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkəmizdə mövcud olan ünvan sistemi hərtərəfli təhlil edilib, beynəlxalq layihələr çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilib.

Azərbaycanda ünvanvermə işinin mövcud vəziyyətinin təhlili, habelə beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində sürətli inkişaf mərhələsini yaşayan ölkəmizdə müasir Avropa ölkələrinin təcrübəsi də nəzərə alınmaqla ünvanvermə qaydalarında yeni yanaşmaların tətbiqi məqsədəuyğun sayılıb. Yeni qaydalar Avropa Şurasının Avropada Ünvan Məlumatları İnfrastrukturu və Avropa Məkan Məlumatları İnfrastrukturuna dair tövsiyə və direktivlərinə əsaslanır ki, əksər ölkələr bu sistemə yeni keçməkdədirlər. Əmlak Məsələləri Dövlət Komitəsi və Norveç Kadastr Təşkilatı tərəfindən Norveç Hökumətinin ayırdığı qrant hesabına Yeni Ünvan Reyestri İnformasiya Sisteminin Texniki Spesifikasiyalarını hazırlamaq üçün  beynəlxalq məsləhətçi cəlb edilib. Ən müasir yanaşma və tələblər əsasında sistemin Texniki əsaslandırılması və standart tələbləri hazırlanıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən komitədən bildirilib ki, bu əsasda bilavasitə sistemin hazırlanması məqsədilə təcrübəli şirkətin seçilməsi üçün açıq tender keçirilib və tenderdə  Cənubi Koreyanın “SK C&C” şirkəti qalib olub. Artıq sistemin hazırlanması işləri başa çatdırılmaq üzrədir və 2013-cü ildən istifadəyə veriləcək. Binaların giriş konsepsiyasına əsaslanan yeni ünvanvermə qaydalarının qüvvəyə minəcəyi ilə əlaqədar  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlıq işləri aparılır.

Şəhər və rayonlarımızda ünvan sahəsində problemlərin bir hissəsi küçə və prospektlərin adsız olması və ya əvvəlki dövrlərdə verilmiş küçə və prospekt adlarının dövrün tələblərinə uyğunlaşmaması ilə bağlıdır. Bu məqsədlə xüsusi işçi qrupları yaradılmış, onlara yeni ünvanvermə qaydaları ilə bağlı nəzəri və praktiki biliklərə dair təlimlər keçirilib: “Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu məsələnin həllində də şəhərlərimizin memarlıq üslub və ənənələrinə sadiqlik göstərməklə, ünvan lövhələri üçün müasir dizayn həllini tapmışdır. Həmin nümunələr təsdiq edildikdən sonra müasir dizaynlı lövhələrin yaxın zamanlarda Cənubi Koreyada istehsalına və respublikaya gətirilməsinə başlanılacaq. Cənubi Koreyada istehsal ediləcək ünvan lövhələri keyfiyyətinə və davamlılığına görə Avropa ölkələrindəki ünvan nişanlarından geri qalmayacaq, bəzi xüsusiyyətlərinə görə isə onları da üstələyəcək.

İlkin mərhələdə Bakı şəhərinin 80-ə yaxın küçə və prospektlərində binalara, onların girişlərinə yeni qaydalara uyğun ünvan adları və nömrələrinin verilməsi başa çatdırılıb. Yeni ünvanvermə işləri, müasir dizaynlı ünvan lövhələrinin istehsalı və quraşdırılması dövlət orqanlarının, o cümlədən qeydiyyat, təcili yardım, poçt, yanğından mühafizə, tikinti və şəhərsalma, nəqliyyat və digər bu kimi fəaliyyət sahələrində qərar qəbulunun və işlərin asanlaşdırılmasına gətirib çıxaracaq”.

Komitədən qeyd edilib ki, ünvanların yeni qaydada müəyyən edilməsi və fəaliyyəti, ünvanvermə sahəsində elektron, o cümlədən internet əsaslı xidmətlərin tətbiq edilməsi ölkəmizdə sosial və vətəndaşlara xidmət sahəsində görülən davamlı tədbirlərin tərkib hissəsi olmaqla, Azərbaycan əhalisinin sosial-məişət şəraitinin və rifah halının yaxşılaşdırılması tədbirlərindəndir.
 
HƏQİQƏT





12/11/12    Çap et