Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Metropolitendə qurulan interaktiv - sensorlu məlumat köşklərinə yeni xidmətlər əlavə ediləcək
Bakı Metropolitenində bütün stansiyaların vestibüllərində interaktiv –sensorlu məlumat köşkləri qurulub. Şəhərin xəritəsi üzərindəki Bakı Metropoliteni xətlərinin interaktiv sxemindən başlanğıc və sonuncu stansiyaların adlarını seçməklə sərnişin öz hərəkət marşrutu haqqında, stansiyalar və keçidlər (əgər varsa), mühüm məişət, mədəni, təhsil, nəqliyyat və s. obyektlər barədə məlumat əldə edə bilir.
Sərnişinlərin rahatlığı və xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə quraşdırılan bu köşklərin gələcəkdə imkanları daha da genişləndiriləcək və onlara yeni xidmətlər əlavə ediləcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən (BM) məlumat verilib.
BM-dan qeyd edilib ki, son illərdə təhlükəsizliyə böyük əhəmiyyət verilir: “Hər hansı terror aktlarının qarşısını operativ surətdə almaq, sərnişinlərin təhlükəsizliyini təmin etmək, qatarların hərəkətini və sərnişin axınını tənzimləmək, mühəndis-texniki qurğulara nəzarət etmək, ictimai asayişin hər hansı pozuntusu hallarının qarşısını operativ surətdə almaq, Bakı Metropoliteninin stansiyalarındakı mühüm obyektlərin mühafizəsini təmin etmək məqsədilə mərkəzləşdirilmiş vahid “Təhlükəsizlik və videomüşahidə şəbəkəsi” yaradılıb. Vestibüllərdə, eskalatorlarda, stansiyaların platformalarında, keçidlərdə, vaqonlarda 3000-dən çox videomüşahidə kameraları qurulub ki, bunlar da metropolitenin hər hansı sahəsini müşahidə etməyə imkan verir”.
Qurumdan qeyd edilib ki, hər hansı ekstremal vəziyyətlərdə sərnişin, yaxud stansiyanın işçi heyəti tərəfindən məlumatların idarəetmə mərkəzinə təxirsiz surətdə verilməsindən ötrü təhlükəsizlik və videomüşahidə şəbəkəsi “Həyəcan və xəbərdarlıq sistemi” ilə təchiz olunub. Bu da platformalarda qurulan və magistral şəbəkəyə qoşulan “SOS” sütunlarından ibarətdir: “Hazırda Bakı Metropolitenini tədricən dünya standartları səviyyəsinə çatdırmaq, müxtəlif köhnəlmiş qurğuları, maşınları, mexanizmləri və digər avadanlıqları yeniləri ilə əvəz etmək, elmi-texniki tərəqqinin ən son nailiyyətlərini istehsalata tətbiq etməklə bağlı işlər davam etdirilir”.
HƏQİQƏT
13/11/12 Çap et