Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Misir Mərdanov: «İnternetə qoşulan məktəblərin sayı ilbəil artır»


«Ölkənin davamlı inkişafında gənclər böyük məsuliyyət daşıyır. Azərbaycan bütün sahələrdə böyük irəliləyişlərə nail olur və bu inkişafın davamlı olmasına çalışmaq lazımdır. Bütün bunları həyata keçirmək üçün ən vacib məsələ cəmiyyətin resurslarından səmərəli istifadə etməkdir.

Ən vacib resurs isə insan amilidir». “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təşkil olunan görüşdə Təhsil naziri Misir Mərdanov söyləyib.

Dünyanın ən yüksək inkişaf etmiş ölkələrinin resurslarının 70 faizini insan resursları təşkil etdiyini önə çəkən nazir əlavə edib ki, cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, neftdən əldə edilən kapitalı insan kapitalına çevirməliyik: «Bildiyimiz kimi, neft, qaz tükənən resurslardır, ancaq insan resurslarının sonu yoxdur. Biz Azərbaycanda sabitliyi, dinamik iqtisadi inkişafı istəyiriksə, ilk növbədə, insanların savadının, bilik və bacarıqlarının artmasına nail olmalıyıq».

Təhsildə informasiya-kommunikasiya texnologiyalarının rolunun çox vacib məsələ olduğunu vurğulayan M.Mərdanov bununla bağlı ölkə başçısının təsdiq etdiyi iki dövlət proqramından birinin icrasının başa çatdığını, digərini isə başa çatdırmaq üzrə olduqlarını deyib: «Əsas görülən işlərdən biri odur ki, internetə qoşulan məktəblərin sayı ilbəil artır, məktəblərimiz İKT avadanlıqları ilə getdikcə daha yaxşı təmin olunur, internet istifadəçilərinin sayı artır və müəllimlərin bu sahədə təliminə böyük önəm verilir.

Bu günədək, 70 mindən çox orta məktəb müəllimi İKT ilə bağlı treninqlərdə iştirak edib. Əlbəttə, orta məktəblərdə 150 mindən artıq müəllimin olduğunu nəzərə alsaq, görülən işlərlə kifayətlənmək olmaz, bu sahədə tədbirlər davam etdiriləcək».

SEYMUR





13/11/12    Çap et