Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“McAfee” antivirusunun yaradıcısı axtarışdadır


Beliz şəhərinin polisi “McAfee” antivirus şirkətinin yaradıcısı Con Makafini (John McAfee) Qreqori Vaent Follun (Gregory Viant Faull) qətli ilə əlaqədar dindirmək üçün axtarır.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Makafi kimi Foll da ABŞ-dan gəlmə idi və Beliz şəhərində yaşayırdı; onlar qonşu idilər. Noyabrın 11-də Foll Amberqris-Ki (Ambergris Caye) adasında yerləşən evində ölmüş vəziyyətdə tapılıb. Polis onun evində sındırma izləri aşkar etməyib, lakin onun noutbuku və “iPhone” smartfonu yoxa çıxıb.

Foll və Makafi arasında keçmişdə mübahisə yaşanıb: o, Makafinin itlərinin hürməsinə, həmçinin onun öz ərazisində odlu silahdan atəş açdığına görə dövlət orqanlarına şikayət etmişdi.

Beliz Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Rafael Martines  (Raphael Martinez) “Associated Press” nəşrinə verdiyi müsahibədə qeyd edib ki, antivirus şirkətinin yaradıcısını şübhəli adlandırmaq "şişirdilmiş" olardı. Eyni zamanda Belizin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə polis bölməsinin başçısı Marko Vidal (Marco Vidal) “Gizmodo”-ya bildirib ki, Follun qətlində məhz Makafi əsas şübhəli şəxs bilinir.

Makafi “Wired” nəşri ilə əlaqə saxlayaraq bildirib ki, Follun qətlində onun günahı yoxdur, lakin gizlənməyə məcburdur, çünki polisə etibar etmir və həyatını riskə atmaq istəmir.Məlumat üçün bildirək ki, Makafi 1980-ci illərdə antivirus proqram təminatı hazırlamağa başlayıb.
 
EMİL





13/11/12    Çap et