Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatlarını dünyaya nümayiş etdirdi


Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “IndoDefence-2012” beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

Bu barədə MSN-in mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, beynəlxalq sərgidə 125 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Azərbaycanın nümayiş etdirdiyi məmulatlar, xüsusilə müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 mm-lik və 14,5mm-lik “İstiqlal” snayper tüfəngləri, tapançalar maraqla qarşılanıb.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendi ilə yaxından tanış olan İndoneziya, Malayziya, Sinqapur və digər ölkələrin nümayəndələri Azərbaycanın “IndoDefence-2012”  beynəlxalq sərgisindəki iştirakını yüksək qiymətləndirdiklərini və gələcəkdə MSN ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər. 

Səfər çərçivəsində nazir Yavər Camalovun İndoneziyanın müdafiə naziri Purnomo Yusqiantoro, Belarus Dövlət Hərbi Sənaye Komitəsi sədrinin birinci müavini Qolovçenko Roman Aleksandroviç və sərgiyə qatılan bir sıra ölkələrin müdafiə sənayesi sahəsi üzrə dövlət rəsmiləri ilə görüşləri keçirilib. Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıqların yaradılması və mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
 
SEYMUR





14/11/12    Çap et