Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilk dəfə “3D” formatında çəkilən cizgi filminin təqdimatı oldu (VİDEO)
Haqqında xeyli vaxtdır danışılan “Cırtdan və Təpəgöz” “3D” cizgi filminin təqdimatı olub.Nizami Kino Mərkəzində KİV nümayəndələri üçün təşkil olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin nümayəndələri, həmçinin aktyorlar və bir sıra sənət adamları iştirak edib.
Tədbiri açan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoruMüşfiq Hətəmov filmlə bağlı qısaca məlumat verib. Deyib ki, bu film uşaqlar tərəfindən maraqla qarşılanaraq izləniləcək.
“Onu da deyim ki, bu film başlanğıcdır. Belə filmlərin davamı olacaq. “Üç dost” şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən ərsəyə gələn cizgi filmi peşəkar işin bariz nümunəsidir”.
Filmin animatorları Rəşad Əfəndiyevlə Yusif Qabilov tədbir iştirakçılarına təqdimata qatıldıqları üçün minnətdarlıqlarını bildiriblər.
Daha sonra isə “Cırtdan və Təpəgöz” “3D” cizgi filmi nümayiş olunub.Cizgi filmində Azərbaycanın nağıl qəhrəmanları Cırtdan və Təpəgözün müasir personajları yaradılıb.
Süjet xəttinə gəlincə, filmdə Cırtdan İnternetdə bir qızla tanış olur. Qız ondan öz rəsmini istəyir. Cırtdan isə yaşının və boyunun balaca olmasını özünə dərd edir. Uzun axtarışlardan sonra o, məşhur Hollivud ulduzları Silvester Stallone, Jan Klod Vandam və başqa dünya şöhrətli savaş filmlərinin aktyorlarının fotolarını “adobe premiere” proqramı vasitəsilə fotomontaj edib, özünün sifəti ilə əvəzləyir. Amma bu işin uğursuz olduğunu görən Cırtdan kömək üçün dostu Qaquli adlı tutuquşuna müraciət edir. Tutuquşu isə ona İnternetdə “Google” axtarış sistemi vasitəsilə yardımçı olur.
Məhz bu axtarış sistemi vasitəsilə dostlar axtardıqlarını tapırlar. Onlar uzaq bir yerdə Təpəgözün məskunlaşdığı evin bağında sehrli alma ağacının olduğunu öyrənirlər. Əgər Cırtdan həmin ağacda olan tək almanı yeyərsə, istədiyinə çatacaq, yəni böyüyəcək. Elə əsl hadisələr, maraqlı macəra da bundan sonra başlayır...
Qeyd edək ki, 6 dəqiqəlik xronometrajı olan filmdə olaylar olduqca dinamik və maraqlı cərəyan edir. Yüksək səviyyədə təqdim olunan filmin aktyor səsləndirməsi, musiqi tərtibatı da əsl peşəkarlıqdan xəbər verir.
Xatırladaq ki, adıçəkilən cizgi filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “3D” formatında “Üç dost” şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən çəkilib.Filmin ssenari müəllifi Yusif Şeyxov, musiqisi isə gənc bəstəkar-müğənni Çingiz Mustafayevə aiddir.