Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı işə başlayıb


Noyabrın 15-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı keçirilib.

E-elmin elmi-nəzəri, texnoloji problemləri, şəbəkə infrastrukturu, informasiya təhlükəsizliyi, elmmetriya, bibliometriya, vebometriya, paylanmış hesablama sistemləri və “bulud”ları, həmçinin e-elm və sosial şəbəkələr ətrafında müzakirələrə yönələn tədbirdə AMEA prezidenti akademik Mahmud Kərimov qeyd edib ki, müasir dövrdə modernləşmə prosesinin vüsət alması ilk növbədə, informasiya texnologiyalarının dinamik inkişafını və tətbiqini zəruri edir: “Həmçinin dünyada gedən bu proseslər elmin müxtəlif sahələrinə təsir etməklə yeni reallıqlar meydana çıxarır, elektron elmin formalaşması prosesini gündəmə gətirir. Ölkə başçısının gələcəklə bağlı əhəmiyyətli çağırışları respublikamızda biliyin ön plana keçməsi, əmək fəaliyyətinin İKT-nin imkanlarından istifadə etməklə daha yüksək səviyyədə qurulması, elektron elmin formalaşması üçün zəmin yaradır.

Bu istiqamətdə hər kəs, xüsusilə də alimlərimiz öz töhfələrini verməlidir. Yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas hədəfi dünyanın qabaqcıl ölkələri, nüfuzlu beynəlxalq elmi təşkilat və qurumlarla səmərəli əməkdaşlığı həyata keçirmək, çoxtərəfli əlaqələr yaratmaq, bir sözlə, strateji məqsədlərə nail olmaqdır. Bu, davamlı və innovativ inkişafın əldə olunması baxımından mühüm şərtdir”.

Onun sözlərinə görə, hazırda AMEA-da elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür: “Bu gün biz aparıcı ölkələrin iqtisadi inkişafının əsasən texnoloji nailiyyətlərə əsaslandığını, bu uğurların qazanılmasında İKT-nin əhəmiyyətli rolu olduğunu görürük. Ölkəmizdə biliklər iqtisadiyyatının bərqərar olmasında İT sahəsində böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnmək zəruridir. Hazırda respublikamızda informasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya  infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.

Elmin inkişafı üzrə Milli Strategiya biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərini gündəmə gətirir. Strategiyada nəzərdə tutulmuş əsas hədəflərdən biri də elmi fəaliyyətdə islahatların aparılması, İKT-nin geniş tətbiqi, elektron elmin formalaşması prosesinin inkişaf etdirilməsidir”. AMEA rəhbəri Azərbaycanda elektron elmin formalaşması istiqamətində mühüm addımlar atıldığını da vurğulayıb.

Belə ki, YUNESKO-nun Xüsusi Komissiyasının tövsiyəsi ilə TERENA-da qeydiyyata alınmış e-elmin şəbəkə platforması olan “AzScienceNet” Elm Kompüter şəbəkəsi  fəaliyyət göstərir, GRİD-texnologiyaları əsasında hesablama mühitlərinin yaradılması istiqamətində mühüm işlər həyata keçirilir: “Lakin etiraf etmək lazımdır ki, obyektiv və subyektiv səbəblərdən elmi qurumlarda e-elm infrastrukturunun formalaşması proseslərində müəyyən nəzəri-praktiki problemlər mövcuddur.

Bu problemləri müzakirə etmək, səmərəli yollar axtarmaq, təcrübə mübadiləsi aparmaq, institut və təşkilatlarda gedən informasiyalaşdırma proseslərinə əməli-praktiki dəstək vermək məqsədilə belə konfransın təşkilinə böyük ehtiyac duyulurdu. Azərbaycanda formalaşan informasiya cəmiyyətinin başlıca tələblərindən olan İT infrastrukturunun inkişafı, e-elmin, biliklər iqtisadiyyatının təşəkkülü, digər müvafiq qurumlarla yanaşı, AMEA-nın qarşısında da mühüm vəzifələr qoyur.

Qeyd edim ki, ölkədə uğurla formalaşan elektron elmin müsbət tərəfləri ilə yanaşı, bir sıra elmi-nəzəri və praktiki problemləri də aktuallaşır. Ümid edirəm ki, respublikamızda ilk dəfə keçirilən elektron elm problemlərinə həsr olunmuş konfransın çox əhəmiyyətli nəticələri olacaq və ölkəmizdə uğurla formalaşan “Elektron Azərbaycan”ın inkişafına mühüm töhfə verəcək. Düşünürəm ki, gələcəkdə bu kimi konfranslar müntəzəm olaraq təşkil edilməli, meydana çıxacaq problemlər vaxtında müzakirə olunmalıdır. Bu istiqamətdə həm ölkədaxili, həm də beynəlxalq səviyyədə münasibətləri inkişaf etdirmək lazımdır”.

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov ölkəmizdə  dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi və insan inkişafının təmin edilməsi istiqamətlərində aparılan məqsədyönlü islahatlardan söz açıb.

Elmi müəssisə və təşkilatların fəaliyyətinin şəffaflığının təmin edilməsinin informasiya cəmiyyətinin (İC) qurulmasında vacib amil olduğunu qeyd edən nazir bildirib ki, e-elm “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində formalaşmaqda olan “E-hökumət”in tərkib hissəsidir: “Elektron elm termini 2000-ci ildən sonra meydana çıxıb və bu sahə də yeni formalaşmaqda olan sahədir. Bunu yaradan zərurətə gəlincə, müasir elmi tədqiqatların aparılması üçün yeni platformalar, yeni infrastruktur tələb olunur. Son illərdə İnformasiya Cəmiyyəti quruculuğu sahəsində əldə olunmuş uğurlar, elmi qurumların fəaliyyətində informasiya texnologiyalarının tətbiq vəziyyəti ölkəmizin e-elm konsepsiyasının həyata keçirilməsinin hazırlığına əsas verir.

E-elm AMEA institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi daşıyaraq müasir İKT-nin tətbiqi ilə yenidən qurulması və vahid bir onlayn elmi infrastrukturun formalaşdırılması üçün nəzərdə tutulur”. Nazir, həmçinin e-elmin formalaşması istiqamətində qarşıda duran vəzifə və perspektivlərə də toxunub.

Ölkəmizdə İnformasiya Cəmiyyətinin formalaşması prosesinin uğurla inkişaf etdiyini qeyd edən təhsil naziri Misir Mərdanov da e-təhsil və e-elmin inteqrasiyasının zəruriliyini önə çəkib. Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev də çıxış edərək,  respublika üzrə elmi kadrların hazırlanması və ekspertizası prosesində “AzScienceNet” şəbəkəsinin rolu və milli elektron elmi resursların yaradılması və qiymətlən­dirilməsində “AzScienceNet” şəbəkəsinin potensial imkanlarından şöz açıb, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev e-elmin  aktual elmi-nəzəri və texnoloji problemlərini nəzərə çatdırıb.

Qeyd edilib ki, “E-elm” proqramının yaradılmasında əsas məqsədin respublikanın elmi idarə və təşkilatlarında aparılan elmi-tədqiqat işlərinin bütün mərhələlərində nəticələrin səmərəliliyini yüksəltmək, onların bu sahədəki fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək, milli elmin inkişafına kömək etmək və Azərbaycanın ümumdünya elektron informasiya məkanına inteqrasiya olunmasını təmin etməkdən ibarətdir. Tədbir öz işini seksiyalar üzrə 16 noyabr tarixində də davam etdirəcək.
 
Həqiqət İSABALAYEVA





15/11/12    Çap et