Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İctimai “Wi-Fi” şəbəkələri 7 dəfə daha sürətli olacaq
Şimali Karolina Universitetində (NCSU) çalışan tədqiqatçılar ictimai yerlərdə (konfrans zalları, kafe, aeroport) fəaliyyət göstərən “Wi-Fi” şəbəkələrinin sürətinin artırılması metodunu hazırladıqlarını elan ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “WiFox” adlandırılmış metod şəbəkə üzrə ötürülən trafikin daimi nəzarətinə əsaslanır. Əgər “Wi-Fi” şəbəkəsinə qoşulmuş istifadəçilərin sayı artarsa, o zaman giriş nöqtəsi onların sorğularını emal etməyi dayandıracaq. Nəticədə sorğu növbəsi yaranır.
“WiFox” metodu sorğu növbəsini aşkar etdikdə prioritetləri müəyyənləşdirir: ilk növbədə sorğuları artıq növbədə olan müştərilərin məlumatları göndərilir və yalnız bundan sonra yeni sorğular emal üçün qəbul edilir. Yüklənmə azaldıqda giriş nöqtəsi adi iş rejiminə keçir.
Tədqiqatçılar alqoritmi öz “Wi-Fi” şəbəkələrində sınaqdan keçiriblər. Sınaq nəticələrinə əsasən, “WiFox” aktiv olduqda verilənlərin emal sürəti 4-7 dəfə artır.Alqoritmin üstünlüyü ondan ibarətdir ki, onun tətbiq edilməsi zamanı əlavə avadanlıq tələb olunmur.
EMİL
16/11/12 Çap et