Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elçin Babayev: “Azərbaycanda İKT sahəsində uğurları saymaqla qurtarmaq olmaz”


Azərbaycanda İKT sahəsində qazanılan uğurları saymaqla qurtarmaq olmaz. Burada həm dövlət tərəfindən verilən saysız-hesabsız sərəncamlar, qərarlar, “Elektron Azərbaycan”, “Elektron hökumət”, ümumiyyətlə, İKT üzrə Milli Strategiyanın hazırlanması və uğurla həyata keçirilməsi bu sahədə inkişafın gələcəkdə daha da uğurlu olacağına zəmanət verir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransında bildirib.

Direktor BMT və Azərbaycanın birgə təşkilatçılığı ilə Bakıda keçirilən 7-ci İnternet İdarəçilik Forumuna da toxunub: “Azərbaycan bir çox nüfuzlu tədbirlərə ev sahibliyi edir. Məsələn, İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi, ən yüksək səviyyədə aparılan təşkilati işlər, bu forum haqqında deyilən fikirlər, dövlət başçısı tərəfindən forumun qiymətləndirilməsi bunların əyani sübutudur. Həmin forumda bir daha qeyd olundu ki, dünyada ünvanların idarəolunması üzrə sistemin 14-cüsü Azərbaycanda qurulub.

Bu, adi bir rəqəm deyil. Super-dövlət olan Amerikada bu sistemin özəli yerləşib, sistemin 3-ü Avropada, 14-cüsü isə bizim ölkədə yerləşdirilib. Azərbaycanda bu istiqamətin inkişafında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, o cümlədən akademik Əli Abbasovun çox böyük xidmətləri var. Bu işlər Azərbaycanın adının dünyada hallanmasına gətirib çıxarıb və biz bu böyük uğura çox sevinirik”.
 
HƏQİQƏT





16/11/12    Çap et