Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Region ölkələrinin internet ünvanları “ICANN”-ın Azərbaycandakı baş serverinə yönləndiriləcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda yerləşən “ICANN” - internet şəbəkəsində domen adlarının verilməsi üzrə Beynəlxalq təşkilatın baş DNS serverində region ölkələrinin internet ünvanlarının yerləşdirilməsi üçün həmin dövlətlərlə danışıqlara başlayıb. Bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Nazirin sözlərinə görə, Azərbaycanda “ICANN”-ın baş DNS serverinin istismara verilməsi əlamətdar hadisədir. Layihənin texnoloji aspektlə yanaşı, hüquqi əsası var. Belə ki, ölkələrin internet ünvanları birbaşa həmin serverdən idarə edilir.

"Sistemin istismara verilməsi üçün lazım olan hər şey edilib və hazırda biz “ICANN” ilə birlikdə bir sıra ölkələrlə danışıqlar aparırıq. Məqsəd onların internet ünvanlarının mərkəzimizdə yerləşdirilməsidir. Yəni, ABŞ və ya Avropada qeydiyyata alınan region ölkələrinin internet ünvanlarını “ICANN”-ın baş serverinə yönləndirməkdir. Bu məsələdə əsas aspekt ölkələrin Azərbaycana və “ICANN”-ın tələblərinə etimad göstərməsindən ibarətdir", - deyə Abbasov vurğulayıb.





16/11/12    Çap et