Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vəli Hüseynov: “Yüksəkixtisaslı elmi kadrlar informasiya texnologiyalarının təməllərini bilmirsə, onların təfəkkürü yüksək ola bilərmi?”


Dünyada elm o səviyyəyə gəlib çatıb ki, artıq bir alim təkbaşına elmi inkişaf etdirmək iqtidarında deyil. Artıq bir dövlətin də buna gücü çatmır və dövlətlər qruplar yaradır, kəşflər edirlər. Bu elmi kəşflər böyük məlumatlarla bağlıdır, həmin məlumatları təhlil etmək, işləmək, ötürmək çox böyük problemlər törədir. Bu məlumatların işlənməsi istər-istəməz elmdə elektron elm anlayışının formalaşmasına aparır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Prezident yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransında bildirib.

Onun sözlərinə görə, bu sahədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu (İTİ) Ali Attestasiya Komissiyası ilə çox sıx təmasda çalışır: “Belə ki, Azərbaycanda elmi, yüksəkixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması sahəsində İnformasiya Texnologiyaları İnstitutu informatika fənni üzrə kursların keçirilməsi ilə elmdə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün minimum imkanları yoxlayır.

2003-cü ildən bu günə qədər təqribən institutda 12 mindən artıq dissertant və doktorant kurs keçib, uyğun sertifikatlar alıblar. İnformasiya Texnologiyaları İnstitutunun Ali Attestasiya Komissiyasına verdiyi məlumatda qeyd olunur ki, bu il də birinci yaz semestrində Azərbaycan üzrə 579 dissertant və doktorant İTİ-nin xətti ilə kurslarda iştirak edib, imtahanlar veriblər.

Bugünkü yetişən yeni, yüksəkixtisaslı elmi kadrlar, əgər informasiya texnologiyalarının təməllərini, dünya məlumat bazasına girişi bilmirsə, müvafiq proqramları işlədə, onlayn sistemdən istifadə edib dünya kitabxanalarına girə bilmirsə, öz məqaləsini internetdən istifadə edib göndərə bilmirsə, sadə faylların nə olduğunu bilmirsə, onların təfəkkürü yüksək ola bilərmi? Ola bilər ki, o, yüksəktəfəkkürlü kadr olsun, əqlinə heç kimin şübhəsi olmasın, amma o, müasir tələbata cavab verə bilməyəcək”. 
 
 
HƏQİQƏT






17/11/12    Çap et