Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyi peyk və radarlar vasitəsilə izlənilir


Dövlət Dəniz Administrasiyasında İspaniya Nəqliyyat Nazirliyinin ekspertlərinin iştirakı  ilə “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi”nın təqdimat mərasiminin iştirakçıları administrasiyanın inzibati binasında yaradılan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

“ICTnews” elektron xəbər xidmətinin ARDDA-ya istinadən verdiyi məlumata görə, mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən administrasiyanın rəis müavini Şahlar Məmmədov bildirib ki, bu mərkəz ölkəmizin qoşulduğu “Dənizdə insan həyatının  mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq respublikamızda yaradılıb.

Milli Mərkəzin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və  əlaqələndirilməsinin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Mütəxəssislər uzaq məsafədən gəmilərin tanınması və izlənilməsi prosesini nümayiş etdiriblər. Qeyd olunub ki, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox Avropa dövlətlərinin oxşar qurumlarını qabaqlayır. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçiblər.

CAHANGİR





19/11/12    Çap et