Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gomap.az” elektron xəritəsinin mobil versiyasına maraq daha böyükdür


“Gomap.az” elektron xəritəsinin “Apple”, “Samsung”, “Nokia”, “BlackBerry”, “LG”, “HTC” və s. bu kimi dünyanın aparıcı smartfon istehsalçılarının smartfonları üçün nəzərdə tutulan mobil versiyası tam istifadədədir.  “Bakutel-2012” sərgisindəki təqdimatında böyük maraq yaradan mobil versiyada smartfon istifadəçiləri üçün rahatlıq yaradan bir sıra əlavə xidmətlər mövcuddur.

Belə ki, mobil versiyada istifadəçinin olduğu yerin təyin edilməsi; olduğu yerdən gedəcəyi yerə kimi marşrutun çəkilməsi; istifadəçinin olduğu yerə yaxın olan obyektlərin kateqoriyalar üzrə axtarılması;  “Gomap.az” xəritəsinə yeni obyektlərin əlavə olunması və s. bu kimi imkanlar gerçəkləşdirilib. Elektron xəritənin mobil versiyasında Bakı və Sumqayıt şəhərlərinin ictimai nəqliyyat xətlərinə giriş imkanı da mövcuddur.

Qeyd etmək lazımdır ki, hazırda “Gomap.az” Azərbaycan və Gürcüstanın ərazilərini əhatə edir və dünyada mövcud olan analoqlar arasında bu ölkələr üzrə ən ətraflı xəritədir. Hazırda “Gomap.az” xəritəsi 8000-dən çox yaşayış məntəqəsini (onlardan ünvanlı məlumatlarla  80 şəhər və qəsəbə),  5000-dən çox mədəni-tarixi abidəni, 900 000-dən çox bina və tikililəri, 112 000 obyekti, 48 000 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla) və s. daxil edir. 

“Gomap.az” xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir. Hazırda “Gomap.az” servisləri “bulud” texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

RƏVAN





19/11/12    Çap et