Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının spikeri Maykl Madiganla görüşüb. Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də informasiya texnologiyaları sahəsində görülən işlərdən söz açan nazir Əli Abbasov qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsas fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırıb.

Bu ilin 6-9 noyabr tarixlərində BMT-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil etdiyi VII İnternet İdarəçiliyi Forumunun Bakıda keçirildiyini xatırladan nazir bunu ölkəmizdə azad internetin göstəricisi kimi vurğulayıb və qeyd edib ki, ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir.

Ümumilikdə genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, elektron xidmətlərin daha da genişləndirilməsi, ilk telekommunikasiya peykinin yaxın zamanlarda orbitə buraxılması, eləcə də digər milli və regional layihələrdən söz açan nazir İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti ilə internetin inkişafında "start-up"- kiçik, modern müəssisələrin yaradılmasına güzəştli şərtlərlə dəstək veriləcəyini və bu sahənin daha da inkişaf edəcəyini diqqətə çatdırıb.

Ölkəmizin uğurlarını müsbət qarşılayan Maykl Madigan da İllinoys ştatında, o cümlədən  Çikaqo şəhərində aparılan işlər barədə məlumat verib.

Görüşdə həmçinin, Azərbaycanın İT Fondu ilə İllinoys ştatının maliyyə fondları və mərkəzləri ilə gələcəkdə əməkdaşlıq məsələləri müzakirə edilib və bu istiqamətdə spiker  lazımi dəstək verəcəyini xüsusi vurğulayıb.





19/11/12    Çap et