Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Telekom sektorunda müştəriləri ən çox məmnun edən şirkət hansıdır?
Reytinq sorğularında şirkət müştəri məmnuniyyəti və müştəri sadiqliyinə görə telekom sektorunda ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell Telekom” MMC Azərbaycanda həyata keçirdiyi yüksəkkeyfiyyətli rabitə xidməti və ölkənin sosial həyatına əhəmiyyətli qatqısının nəticəsi kimi yeni bir uğur əldə edib. Belə ki, “EPSI Rating” şirkətinin tədqiqat reytinqində müştəri məmnuniyyətinə və müştəri sadiqliyinə görə “Azercell” 1-ci yerə çıxıb.
Aparılan araşdırma nəticəsində “Azercell”in müştəri məmnuniyyəti indeksi 87.6, müştəri sadiqliyi indeksi isə 89.7 vahid təşkil edib ki, bu da müştərilərlə möhkəm qarşılıqlı bağlılığın olduğunu göstərir. Məlumat üçün bildirək ki, “EPSI Rating” baş ofisi Böyük Britaniyada yerləşən beynəlxalq müstəqil araşdırma şirkətidir. Şirkətin məqsədi məhsullara və xidmətlərə dair müştərilərin rəyini tədqiq etməkdən ibarətdir.
Onu da bildirək ki, müştəri məmnuniyyətinin yüksək səviyyədə olmasına həmişə önəm verən “Azercell” şirkəti bu istiqamətdə bir çox layihələr reallaşdırıb. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə Gəncədə ilk Regional Telefon Mərkəzini yaratmışdır. 2011-ci ildə şirkətin Müştərilərlə Əlaqə Mərkəzi Avropanın EN15838 standartına layiq görülüb.
“Azercell”, həmçinin, internet üzərindən onlayn müştəri xidmətlərini tətbiq edən ilk telekommunikasiya şirkəti olmuşdur. 2012-ci ildə beynəlxalq “Socialbakers” şirkəti sosial mediada istifadəçi istəklərinin cavablandırılması səviyyəsinə görə “Azercell”i “Socially Devoted” sertifikatına layiq görüb.
Qeyd edək ki, “Azercell Telekom” “EPSI Rating” beynəlxalq araşdırma mərkəzi tərəfindən keçirilən bu sorğuda telekom sektorunda müştəri məmnuniyyəti və müştəri sadiqliyi göstəricilərinə görə artıq 2-ci dəfədir ki, lider olaraq müəyyən edilib.
21/11/12 Çap et