Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Net” 2012-də internet resursların qeydiyyat müddəti uzadılıb


“Milli Net” Təşkilat Komitəsi internet layihələrin və saytların qeydiyyat müddətini daha 5 gün uzadıb.  “ICTnews” elektron xəbər xidmətinin müsabiqənin Təşkilat Komitəsinə istinadən verdiyi məlumata görə, internet resursların  qeydiyyat müddəti 25 noyabr tarixdə başa çatır.

Bu müddət bitdikdən sonra istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək.

1-ci mərhələ səsvermə prosesi 21 noyabr tarixində başlanacaq və 30 noyabr tarixində başa çatacaq. 1-ci mərhələ səsvermənin  nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar  müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi 03 dekabr tarixdə  başlayacaq və 15 dekabr tarixdə yekunlaşacaq.  Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin  dekabrın 2-ci ongünlüyündə  keçirilməsi nəzərdə tutulub. 

25 noyabr tarixində saat 24:00-dan etibarən  saytların qeydiyyat prosesi dayandırılacaq.  Bu müddətədək qeydiyyatdan keçənlər, lakin müxtəlif problemlər səbəbindən “Milli Net” TK tərəfindən  müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddətində yenidən müraciət hüququnu özlərində saxlayırlar.

Təşkilat Komitəsi bildirir ki, müsabiqəyə qatılmaqla bağlı gözləmə rejimində  və qeydiyyatından müvəqqəti imtina edilənlər 1-ci səsvermə prosesi başa çatan andan müsabiqəyə buraxılmayacaq.
Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Delta Telekom” və “SAZZ” şirkətləri də Milli İnternet Mükafatına  dəstək verirlər.
 
CAHANGİR





21/11/12    Çap et