Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə dünyası” qəzetinin 20 illiyi qeyd olunmuşdur


Noyabrın 20-də "Hilton Baku" otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbu orqanı olan "Rabitə dünyası" qəzetinin 20 illiyi qeyd edilmişdir.

 Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, bu gün Azərbaycanda söz, mətbuat və məlumat azadlığı, siyasi plüralizm ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. "Rabitə dünyası" ilk baxışdan bir sahə qəzetidir.

Qəzetdə rabitəçilərin fəaliyyəti, beynəlxalq aləmdə bu sahədə gedən inkişaf meyilləri, yeni texnologiyaların Azərbaycanda tətbiqi və digər məsələlər işıqlandırılır. Eyni zamanda, "Rabitə dünyası" həm də respublika səviyyəli, mərkəzi mətbuat orqanı kimi çıxış edir və digər gündəlik qəzetlərdə olduğu kimi, qəzetin səhifələrində Azərbaycanın ictimai-siyasi həyatında baş verən yeniliklər də əksini tapır.

Azərbaycanda milli mətbuatın yaranması tarixindən, bu sahədə Həsən bəy Zərdabinin banisi olduğu "Əkinçi" qəzetinin rolundan danışan Əli Həsənov bildirmişdir ki, bu nəşrə "Əkinçi" adı rəmzi olaraq verilmişdir. Bu qəzet yalnız əkinçilikdən və əkinçilərin həyatından bəhs etmirdi. "Əkinçi" Azərbaycan xalqının inkişafında, milli-mədəni dəyərlərin qorunmasında və yayılmasında, Azərbaycan dilinin inkişafında, Azərbaycan ziyalısının formalaşmasında, mütərəqqi nəslin yetişməsində önəmli rol oynamışdır. Ona görə də, qəzetin hansı sahəni əhatə etməsi və hansı adı daşıması bugünkü azad söz mühitində o qədər də önəmli deyildir.

Azərbaycan bu gün söz, mətbuat və məlumat azadlığı baxımından da öncül yerlərdədir. Prezident İlham Əliyev çıxışlarında davamlı olaraq qeyd etmişdir ki, biz Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesini yaşayırıq. Azərbaycanda demokratik dövlət qurulur, demokratik idarəçilik formalaşdırılır. Siyasi plüralizm bu idarəçiliyin əsasını təşkil edir. Söz, mətbuat, məlumat azadlığı olmadan biz dövlətimizi, onun siyasi sistemini təsəvvür etmirik. Bu sahədə biz nəinki postsovet məkanında, o cümlədən dünyanın ən inkişaf etmiş sistemlərindən birini yarada bilmişik.

 Ümummilli liderimiz Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Fərmanı ilə mətbuat üzərində senzuranı ləğv etməklə Azərbaycanda söz azadlığının təməlini qoymuşdur. Hazırda azad media ənənələri respublikamızda gündən-günə inkişaf edir.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycan mediası da problemsiz deyildir. Ölkədə jurnalistlərin peşəkarlığı, medianın maddi-texniki təminatı, mətbuatın siyasiləşməsi və s. məsələlərlə bağlı problemlərimiz vardır. Lakin bunlar tendensiya deyildir. Tendensiya dövlətin iradəsi, azad medianın inkişafıdır ki, peşəkar jurnalistlər bu fəaliyyətdən bəhrələnirlər. Azərbaycanda internet medianın inkişafı sahəsində uğurlardan danışan Prezident Administrasiyasının rəsmisi demişdir ki, elektron KİV-lərin tərəqqisi də dövlətimizin diqqətindədir.

Sonda Əli Həsənov "Rabitə dünyası"nın yaradıcı kollektivini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və "Rabitə dünyası" qəzetinin baş redaktoru Müşfiq Əmirov bu mətbu nəşrin keçdiyi yola nəzər salmış, onun fəaliyyət istiqamətləri barədə məlumat vermişlər.

 Sonra "Rabitə dünyası" qəzetinin əməkdaşlarına Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin diplomları təqdim edilmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Mətbuat Şurasının mükafatı ilə təltif olunmuşdur.Tədbirə yekun vuran nazir Əli Abbasov "Rabitə dünyası" qəzetinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, Azərbaycanda həyata keçirilən informasiya-kommunikasiya texnologiyaları (İKT) siyasəti, müasir informasiya texnologiyalarının tətbiqi, informasiya cəmiyyətinin formalaşması, ölkənin regionlarında rabitə şəbəkəsinin vəziyyəti, yeniliklər, problemlər, beynəlxalq rabitə sistemi haqqında yazılar yer almışdır.

 Bu il noyabrın 6-9-da BMT-nin və Azərbaycan hökumətinin Bakıda VII İnternet İdarəçilik Forumunu keçirdiyini xatırladan nazir bu nüfuzlu tədbirin ölkəmizdə azad internetin göstəricisi kimi vurğulamışdır. Əli Abbasov qazanılan nailiyyətləri Azərbaycanda bu sahədə aparılan ümumi siyasətin nəticəsi kimi dəyərləndirmişdir.







21/11/12    Çap et