Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Tərcümə plagiatlığını aşkarlamaq üçün çoxdilli antiplagiat sistemi işlənilməlidir”
Son zamanlar elektron nəşrlərin sürətlə artımı elmi etikanın təmin olunması sahəsində bir sıra problemlər yaradıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İTİ-nin təşkilatçılığı ilə keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransında bildirib. Onun sözlərinə görə, elmi etikadan danışarkən, müəlliflik və plagiatlıq problemləri də qeyd olunmalıdır: “Müəlliflik - məqalənin kimə məxsus olduğunun təyin edilməsi prosesidir. Bəzi məqalələrin hazırlanmasında müəlliflərin birgə əməkdaşlığı müşahidə edilir.
Bu əməkdaşlıq nəticəsində müəlliflərdən bəziləri sadəcə təşəkkür, digərləri isə həmmüəlliflik tələb edə bilərlər”. Alim qeyd edib ki, elmi məqalənin həmmüəllifi olmaq üçün dəqiq işlənmiş qaydalar mövcuddur: “Bunun üçün hər bir müəllif işə mühüm intellektual töhfə verməlidir. Elmdə “fəxri” həmmüəlliflik qəbuledilməzdir. İşə maliyyə, material, texniki dəstəyin verilməsi həmmüəllif olmaq üçün mühüm töhfə hesab oluna bilməz. Plagiatlıq isə kiminsə ideyalarını, fikirlərini, şəkillərini, nəzəriyyələrini, sözlərini özününkü kimi təqdim etməkdir”.
Onun sözlərinə görə, hazırda əsas problem ondan ibarətdir ki, bu qədər böyük həcmli elmi informasiya mühitində plagiatlığı aşkarlamaq olduqca çətindir və bu problemi klassik metodlarla həll etmək praktiki olaraq mümkün deyil: “Bu məqsədlə dünyanın aparıcı ölkələri e-elm mühitində plagiatlığı aşkarlamaq üçün xüsusi mexanizmlər və texnologiyalar işləmişlər ki, burada da antiplagiat sistemlərinin xüsusi yeri var. Bu sistemlərin əksəriyyətinin ingilisdilli olmasını nəzərə alaraq, Azərbaycan dili, həmçinin tərcümə plagiatlığını aşkarlamaq üçün çoxdilli antiplagiat sisteminin işlənilməsi indiki zamanda böyük əhəmiyyətə malikdir”.
Elmmetriyanın elm sahəsi kimi formalaşma mərhələləri haqqında da məlumat verən şöbə müdiri elmmetriyanın imkanları, inkişaf perspektivləri və qiymətləndirmə mexanizmləri ilə bağlı maraqlı açıqlamalar verib. Tədqiqatçının elmi fəaliyyətinin, elmi jurnalın qiymətləndirilməsi, universitet və ölkənin reytinqinin təyin edilməsi üçün bir çox elmmetrik, eləcə də vebometrik göstəricilərdən istifadə edildiyini qeyd edib. Alim bildirib ki, mövcud akademik verilənlər bazaları axtarış funksiyaları ilə yanaşı, qiymətləndirmə funksiyalarını da yerinə yetirir.
Əsas məqsəd bu bazalardan qeydiyyatdan keçib, ölkəmizin elmi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. R.Alıquliyev onu da əlavə edib ki, Azərbaycanda elmmetriyanın bir elm sahəsi kimi inkişaf etdirilməsi milli istinad indeksinin yaradılması ilə yanaşı, ölkə daxilində elmi təşkilatların, jurnalların, tədqiqatçının elmi fəaliyyətinin və s. qiymətləndirilməsi üçün yeni indeksin işlənməsi, başqa sözlə desək, beynəlxalq qiymətləndirmə meyarlarının milliləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Alim, həmçinin e-elm mühitində elmi etikanın təmin olunması mexanizmləri və texnologiyaları haqqında maraqlı məlumatları nəzərə çatdırıb.
Seksiyalarla davam edən konfransda institutun layihə baş mühəndisi Məkrufə Hacırəhimova e-elmin formalaşdırılması sahəsində beynəlxalq təcrübə və təşəbbüslər haqqında geniş məlumat verib və 2003-cü ildə Cenevrədə keçirilən informasiya cəmiyyətinin problemlərinə həsr olunmuş ümumdünya sammitində qəbul olunmuş “Prinsiplər bəyannaməsi”ndə e-təhsil, e-səhiyyə, e-mədəniyyət, e-kommersiya və s. ilə yanaşı, e-elmlə bağlı qərarın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, dünyada İKT nəhəngləri kimi şöhrət qazanmış təşkilatlar da elmi fəaliyyətdə yeni texnologiyaların tətbiqinə və problemlərinə həsr olunmuş konfranslar keçirib, bu istiqamətdə tədbirlər indi də davam etməkdədir. Elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə, elmin bütün sahələrinin beynəlxalq standartlar səviyyəsində inkişafına və inteqrasiyasına nail olmaq məqsədilə mühüm işlər həyata keçirilir.
O, həmçinin İngiltərənin “E-science” proqramı, Hollandiya universitetlərini bir araya gətirən “DAS-2” paylanmış sistemi, ABŞ-ın “Globus”, “Tolkit”, “Grid 2003” və əsas akademik saytları birləşdirən “TeraGrid”, elmi verilənlərin emalı üzrə Avropada “EGEE” (Enabling Grids for E–Science in Europe), Rusiyanın “RDİG” grid layihələri və digər şəbəkələrlə bağlı maraqlı açıqlamalar verib, e-elm mühitində sənəd dövriyyəsi texnologiyaları ilə konfrans iştirakçılarını tanış edib.
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Anar Kazımov isə “AzScienseNet” şəbəkəsində distant tədrisin imkanları haqqında məruzə ilə çıxış edib. Naxçıvan Dövlət Universitetində şəbəkənin imkanlarından geniş istifadə olunduğunu qeyd edən A.Kazımov bildirib ki, distant təhsil yüksəkixtisaslı kadrların yetişdirilməsində, dünyanın nüfuzlu universitetləri ilə genişmiqyaslı əlaqələrin qurulmasında, bilik və təcrübə mübadiləsinin aparılmasında, gənc nəslin innovativ inkişafında mühüm əhəmiyyət kəsb edir. Alim bu istiqamətdə həyata keçirilən layihələrə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinə dərin minnətdarlığını bildirib.
Həqiqət İSABALAYEVA
21/11/12 Çap et