Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elmi təşkilatların “AzScienseNet”-lə əhatə olunması, onun beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası davam etdirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən Elektron elm problemləri üzrə I Respublika elmi-praktiki konfransı seksiyalar üzrə davam edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə elektron elmin elmi və informasiya təminatı problemləri müzakirə olunub. E-elmin məqsəd, vəzifə və inkişaf problemlərindən danışan institutun şöbə müdiri Təhmasib Fətəliyev ölkəmizdə elmi islahatlar çərçivəsində həyata keçirilən “e-elm” layihəsinin formalaşmaqda olan e-hökumətin tərkib hissəsi olduğunu vurğulayıb.
E-elmin məqsəd və vəzifələri haqqında geniş məlumat verən natiq bildirib ki, sözügedən problemlərlə Birləşmiş Millətlər Təşkilatının “UNESCO”, “UNDP”, “UNIDO”, “WIPO” təşkilatları, eləcə də “ICSU”, “CODATA” və digər beynəlxalq təşkilatlar fəal məşğul olurlar. Bu istiqamətdə müxtəlif layihə, təklif və tövsiyələr mövcuddur. E-elmin inkişaf tarixinin şəbəkə texnologiyalarının yaranması ilə bağlı olduğunu qeyd edən T.Fətəliyev, hazırda dünyada mövcud olan müxtəlif yanaşma, standart və dövlət proqramları haqqında da məlumat verib. Respublikamızda layihə üzrə görülən işlərdən söhbət açaraq, bu istiqamətdə dünya təcrübəsinin öyrənildiyini, mövcud vəziyyətlə bağlı araşdırmalar aparıldığını qeyd edib.
İKT-nin tətbiq vəziyyətinin monitorinqinin aparıldığını, nəticələrin təhlil edildiyini, e-elmin şəbəkə platforması olan “AzScienseNet” elm kompüter şəbəkəsinin infrastrukturunun inkişaf etdirildiyini və AMEA-nın Verilənlərin Emalı Mərkəzinin yaradıldığını nəzərə çatdırıb. Bildirib ki, elmi təşkilatların şəbəkə ilə əhatə olunması, onun xidmətlərindən istifadə edilməsi və beynəlxalq elmi şəbəkələrlə inteqrasiya işləri davam etdirilir. T.Fətəliyev, həmçinin “Açıq elmi resurslar: yaradılma mexanizmləri və vasitələri” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutun şöbə müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev isə Koreya Respublikasının elektron elm infrastrukturu haqqında geniş məlumat verib. Koreyada elm və texnologiya sahəsinin inkişafına böyük önəm verildiyini qeyd edən alim, e-elm sahəsində bir sıra mühüm təşəbbüsləri, o cümlədən, super-kompüterlərdən və qabaqcıl tədqiqat platformalarından ortaq istifadə siyasətinin Elm və Texnologiya Nazirliyi və Koreya Elmi-Texnoloji İnformasiya İnstitutu tərəfindən həyata keçirildiyini söyləyib. Alim bildirib ki, Koreya “Milli e-elm” layihəsinin vacib tərkib hissəsi elmi tədqiqatların, resursların, təhlükəsizliyin idarə edilməsi, vizuallaşdırma, istifadəçi portalları sahəsində proqram təminatının yaradılmasıdır.
Alim e-imza texnologiyaları və istifadə qaydaları ilə bağlı geniş məlumatı nəzərə çatdırıb.
Tədbirdə çıxış edən digər məruzəçilər Nigar İsmayılova, Fədai Gəncəliyev, Cəmilə Yusifova və Rəhilə Həsənova e-elm mühitində bibliometrik metodların tətbiqi imkanları və perspektivləri, beynəlxalq elmi qiymətləndirmə bazalarının müqayisəli təhlili, e-elmin informasiya təminatının təşkili istiqamətləri, mexanizmləri və s. haqqında məruzələrlə çıxış ediblər.
Həqiqət İSABALAYEVA
21/11/12 Çap et