Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bloqosfer 2011” forumu sentyabrda keçiriləcək
Cari ilin 2-4 sentyabr tarixlərində Nabranda “Bloqosfer 2011” forumu keçiriləcək. Forumda 150-dən çox bloqçu və yeni media mütəxəssisi Azərbaycanın internet media mühitini müzakirə etmək üçün bir araya gələcək. Layihənin koordinatoru Azər Nəzərovun verdiyi məlumata görə, forumda bloqçular, yeni media mütəxəssisləri ilə yanaşı, bu sahənin inkişafında maraqlı olan dövlət, biznes, QHT, beynəlxalq təşkilat nümayəndələri də iştirak edəcəklər.
Bloqosfer – bloqçular və yeni media mütəxəssisləri forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, internetə aidiyyəti olan müxtəlif qurumları və ümumilikdə internet ictimaiyyətini bir araya toplayaraq bloqçuluğun və sosial medianın inkişafı istiqamətində təkliflər hazırlamaqdır.
Ənənəyə sadiq qalaraq bu il də “Bloqosfer” forumunda müzakirə olunacaq mövzular öncədən deyil, tədbir zamanı məhz iştirakçılar tərəfindən təyin olunacaq. Müzakirə mövzuları ilə yanaşı, informasiya texnologiyaları, internet və sosial mediaya aid olan qurum nümayəndələri son bir ildə görülən işlər və gələcək planlara dair təqdimatla çıxış edəcəklər.
25/07/11 Çap et