Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT mühəndisləri Azərbaycana toplaşacaq


Azərbaycan paytaxtında “Caspian Engineers Society” tərəfindən bu ilin 24-25 noyabrında gənc mühəndislərin forumu təşkil olunacaq. Burada əsas məqsəd ölkəmiz üçün aktual olan mühəndisliklə bağlı təhsil, texnoloji inkişaf və sənaye kimi mövzular ətrafında müzakirələr aparmaqdır.

“ICTnews” elektron xəbər xidməti bildirir ki, Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən forum çərçivəsində müxtəlif nominasiyalar üzrə İllik Milli Mühəndislik Mükafatları təqdim olunacaq və “Həmid Həbib” təqaüdünün qalibinin adı açıqlanacaq.

Forum gənc mühəndislərin şəbəkəsinin genişləndirilməsi üçün geniş imkanlar yaratmaqla yanaşı, burada mühəndislik üzrə təhsil alan tələbələrə də fikirlərini ifadə etmək üçün şərait yaradılacaq.

Üstəlik, tədbir zamanı Azərbaycanda mühəndisliyin inkişafı üçün aktual olan mühəndislik təhsili, akkreditasiya və ixtisasa yiyələnmə istiqamətləri, gənc mühəndislərin inkişaf yolu və inkişaf proqramları, mühəndislik təcrübələri kimi məsələlərə toxunulacaqdır.
 
SEYMUR





23/11/12    Çap et